Müsəlmanlar
Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər?

Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər?

Sual: Bütün peyğəmbərlər Həcc ziyarətində olublar? Səhv etmirəmsə, əvvəlki dərslərin birində demişdiniz ki, bütün peyğəmbərlər Məkkəyə gəliblər. Bunu Həcc ibadətinin həzrəti Adəmdən bəri bəşəriyyətə vacib olmağı ilə əsaslandırmışdınız. Əslində bunu dəqiq yadıma sala bilmirəm. Bir dəfə bu barədə dostlarımla mübahisə düşdü. Mən də bu məsələni yuxarıda qeyd etdiyim kimi, onlara danışdım. Onlara çox güman ki, peyğəmbərlərin hamısının Həcc məqsədilə Məkkəyə gəldiklərini dedim. Dostlarım isə buna etiraz edib dedilər ki, Həcc ibadəti həzrəti İbrahim ilə vacib edilib. Əvvəlki peyğəmbərlərin Həcc ziyarəti üçün Məkkəyə gəlməyindən söhbət gedə bilməz. İndi mən bilmək isyəyirəm ki, mən səhvə yol verirəm, yoxsa dostlarım? Bu məsələnin düzgün versiyası nədir?

Cavab: Allah Təala Kəbə ilə əlaqədar olaraq belə buyurur:

“İnsanlar üçün tikilən ilk məbəd qəti olaraq Bəkkədə (Məkkə) olandır. Bərəkətli olsun və bu aləm üçün istiqamətləndirici olsun deyə, tikilmişdir”. (Ali-İmran, 3/96)

“Bir vaxtlar İbrahimə beytin (Kəbə) yerini göstərdik və belə dedik: “Mənə heç bir şeyi şərik qoşma! Təvaf edən, qiyamda olan, rüku və səcdə edənlər üçün evimi təmiz saxla”. (Həcc, 22/26)

Buna əsasən ibadət üçün tikilən ilk evin insanla birlikdə mövcud olmağı ən ağlabatan ehtimaldır. İbrahim peyğəmbər Kəbənin ilk banisi deyil, əvvəldən mövcud olan bünövrəsini ucaldan ikinci banisidir.

Bu məsələ ilə əlaqədar digər ayələr belədir:

“Biz Kəbəni insanlar üçün savab qazanmaq və əmin-amanlıq yeri halına gətirdik. İbrahimin durduğu yerin (məqami-İbrahim) bir qismini dua yeri (namazgah) edin! İbrahim və İsmailə də: “Evimi təvaf edənlər, ibadətə qapananlar, boyun əyib rüku və səcdə edənlər üçün tərtəmiz saxlayın!”, – deyə öhdəlik verdik.

O gün İbrahim: “Ey Rəbbim, buranı etibarlı bir şəhər et, onun əhalisinin Allaha və axirət gününə iman gətirənlərinə hər məhsuldan ruzi ver!”, – deyə dua etdiyi zaman, Allah: “Kafir olana da bir qədər ruzi verərəm, ancaq sonra onu cəhənnəm əzabına düçar edərəm. Nə pis haldır bu!”, – deyə buyurdu.

İbrahim ilə İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! Bizdən qəbul et, həqiqətən də, eşidən də sənsən, bilən də!”, – deyə dua etdilər”. (Bəqərə, 2/125-127)

“Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər.

Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin.

Sonra Ərəfat vəqfəsini tamamlasınlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər.

Kim Allahın qadağalarına hörmətlə yamaşsa, bu, Rəbbinin nəzərində onun üçün daha xeyirlidir”. (Həcc, 22/27-30)

Bu ayələrdən məlum olur ki, Kəbə İbrahim peyğəmbərdən əvvəl də var idi. Amma uçub dağılmışdı və uzun müddət ərzində yeri itmişdi. Onu İbrahim peyğəmbər tapıb təzədən inşa etdi.

Ayələrdən başa düşülür ki, Kəbə ilə əlaqədar ibadətlər namaz və təvafdır. Təvaf da öz növbəsində Həcc və ömrənin əsli rüknü olduğuna görə Kəbənin ilk dəfə tikilməyindən üzü bəri Həcc ibadəti də olub. Yəni, ayələrdən bu nəticəyə gəlmək olur.

Aşağıdakı ayə də Həcc ibadətinin İbrahim peyğəmbərdən əvvəl də olduğunu göstərən digər bir sübutdur:

“Allah Nuha buyurduğunu, sənə vəhy etdiyini, İbrahim, Musa və İsaya əmr etdiyini sizin üçün bu dinin şəriəti etmişdir. Dini doğru-dürüst tutun, onda təfriqəyə düşməyin”. (Şura, 42/13)

İbrahim peyğəmbərin şəriətində, eləcə də, bizim şəriətimizdə Həcc ibadəti fərzdir. Ona görə də buradan belə çıxır ki,  Nuh peyğəmbərə və ümmətinə də fərz olub. Nuh peyğəmbər isə İbrahim peyğəmbərdən əvvəl yaşayıb. Bu, qətidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.