Müsəlmanlar

Ad çəkmədən bir nəfər haqqında danışmaq qeybət sayılır?

Sual: Adını çəkməmək şərti ilə bir nəfər haqqında danışmaq qeybət hesab olunur? Dində bu barədə nə deyilir?

Cavab: Qeybət bir nəfərin arxasından onun xoşuna gəlməyən şeyləri demək, başqa sözlə, bizim özümüzə deyildiyi vaxt yaxşı baxmadığımız bir şeyi din qardaşımız haqqında arxasından danışmaq mənası verir. Camaat arasında “dedi-qodu” sözü və “filankəsin dalınca danışmaq” ifadəsi qeybət sözü ilə eyni mənada işlədilir. Ad çəkilməsə də, əgər haqqında danışılan şəxsin kim olduğunu başa düşmək olursa, bu yenə qeybət hesab edilir.

Qeybət etmək haramdır. Allah bu barədə deyir:

“Biriniz digərinin qeybətini eləməsin. Sizin hansınız ölmüş qardaşının ətini yemək istəyər? Bundan diksindiniz. Elə deyilmi?”. ((Hucurat, 49/12.))

 Peyğəmbərdən (s. a. v.) soruşurlar:

“Ey Allahın elçisi, qeybət nədir?”.

Peyğəmbər cavab verdi:

“Qeybət qardaşını onun xoşuna gəlməyən bir şey ilə yada salıb danışmağındır”.

Bunun üstündən belə soruşdular:

“Bəs əgər dediyim şey onda varsa, necə?”.

Peyğəmbər cavab olaraq dedi:

“Əgər dediyin şey onda varsa, qeybət edirsən. Yoxdursa, böhtan atmış hesab olunursan”. ((Müslim, Birr və Sıla, 70/2583; Əbu Davud, Ədəb, 40; Tirmizi, Birr, 23.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.