Sual: Maidə surəsinin 3-cü ayəsindəki “meytə (ölü)” ifadəsi nəyi bildirir? Balıqlar da bu kateqoriyaya daxildir? Yəni, ölü balığı yemək olar?
Cavab: Bəqərə surəsinin 173-cü, Maidə surəsinin 3-cü, Ənam surəsinin 145-ci və Nəhl surəsinin 115-ci ayələrində təsadüf olunan meytə sözü kəsilməmiş ölən (murdar olan) heyvanı, öz əcəli ilə ölən və yaxud kəsilmədən öldürülən heyvanı, istər əhliləşdirilmiş, istərsə də vəhşi olsun, yeyilməsi mübah olan və quruda yaşayan heyvanı və axıcı qanı olan quşları, eləcə də kəsilmədən öz-özünə ölən heyvanları ifadə edir.
Meytə sözünün Azərbaycan dilindəki mənası leş sözüdür. Yəni, bu sözü Ərəb dilindən bizim dilimizə leş və ölü kimi tərcümə etmək olar.
Allah Təala quruda yaşayan heyvanların əksinə, suda yaşayan heyvanların halal olduğunu heç bir istisna olmadan belə bildirir:
“Dəniz ovu və onun qidası sizə də, səfərdə olanlara da bir dolanışıq kimi halal edilmişdir”. ((Maidə, 5/96.))
Bu ayəyə əsasən dəniz heyvanlarının, yəni, suyun altından başqa bir yerdə yaşaya bilməyən heyvanların hamısı harada və necə olursa, olsun, halaldır. Həmin heyvanların adı nə olursa olsun, tutan (ovlayan) istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, diri və ya ölü olmağına baxılmadan eyni hökm verilib: Halaldır.
Allah müəyyən bir hissəsini haram etmədən və başqa heyvanlarda olduğu kimi, kəsilmək şərtinin qoyulmadığı bütün dəniz heyvanlarının halal olduğunu bildirməklə Öz bəndələrinə asanlıq və rahatlıq vermişdir”. ((Yusuf Əl-Qaradavi, İslamda Helal ve Haram, Türk dilinə tərcümə edən Mustafa Varlı, Hilal nəşriyyatı, 3-cü nəşr, Ankara, 1971, s. 64.))
Həzrəti peyğəmbərdən (s. a. v.) nəql olunan rəvayətlərə əsasən balığın ölüsü meytə qisminə daxil deyil. Bir dəfə peyğəmbərdən dəniz suyunun hökmünü soruşdular. O da belə cavab verdi:
“Dənizin suyu təmiz, meytəsi də halaldır”. ((Muvatta, Təharət (Təmizlik), 12, Sayd (Ov), 12; Əhməd ibn Hənbəl, 2/237, 361, 378, 393; İbn Macə, Təharət, 38; Əbu Davud, Təharət, 41; Tirmizi, Təharət, 52; Nəsai, Təharət, 46, Miyah (Sular), 4, Sayd, 35.))
Beləliklə, bu hədis də ümumi qaydada bütün dəniz heyvanlarının ölüsünün halal olduğunu göstərir.
Balığın təzkiyə olunmadan (kəsilməmiş) yeyilməyi və ölüsünün halal olması bütün məzhəblər tərəfindən də yekdilliklə qəbul olunub.
Balıqla yanaşı, çəyirtkə də meytə kateqoriyasına daxil deyil. Xahiş edirik, çəyirtkə yemək barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olasınız:
http://www.muselmanlar.com/fitvalar/462.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.