Müsəlmanlar
Yəhudilər şənbə günü ova çıxa bilməzlər? Bu onlara qadağandır?

Yəhudilər şənbə günü ova çıxa bilməzlər? Bu onlara qadağandır?

Sual: Mən bir kitabda oxumuşam ki, yəhudilər şənbə günü balıq tuta bilməzlər. Bu onlara qadağan edilib. Quranda bu barədə nəsə deyilir?

Cavab: Qurani-Kərimdə bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

“Siz bilirsiniz ki, sizin aranızdan bəzi şəxslər şənbə günü qadağasına riayət etmirlər. Buna görə də biz onlara: “Yazıq meymunlar olun!”, –  dedik.

Biz bunu o dövrdə yaşayanlar və onlardan sonra gələnlər üçün görk, müttəqilərdən ötrü də ibrət dərsi olsun deyə etdik”. (Bəqərə 2/65-66)

Yəhudilik dinində şənbə günü ov etmək qadağandır. Davud peyğəmbərin dövründə bir sahil şəhəri olan Eylədə ((Müqəddəs Kitabın tərcüməsinə əlavə edilən xəritədə bu yerin adı Eylatdır.)) yəhudilər yaşayırdılar. Oraya ilin bir ayında balıqlar axın edir və su balıqların çoxluğundan demək olar ki, görünmürdü. Balıqlar o aydan başqa yalnız şənbə günləri gəlirdi. Yəhudilər o əsnada dəniz kənarında hovuz qazıb, arx açdılar. Beləcə şənbə günləri hovuzlar balıqla doldu və bazar günləri onları tutmağa başladılar. Öz fikirlərinə görə şənbə günü qadağasını pozmamış oldular. Cəza çəkəcəklərindən qorxa-qorxa balıqlardan istifadə etdilər. Zaman keçdikcə, övladları da onların yolunu tutdu. Mal-mülk sahibi oldular. Şəhərdə bu işə yaxşı baxmayan bəzi şəxslər onları bundan uzaqlaşdırmağa çalışsalar da, onlar davam edib: “Biz nə vaxtdır ki, bu işlə məşğuluq. Bunun üçün indiyədək Allahdan heç bir cəza gəlmədi”, – dedilər. Onlara: “Aldanmayın, bəlkə də, sizə elə bir əzab gələr ki, yox olarsınız”, – deyə xəbərdarlıq edildi. Və bir səhər onlar alçaq meymunlara çevrildilər. Üç gün belə yaşadılar, sonra da həlak olub getdilər. ((Fəxrəddin ər-Razi, Təfsiri-Kəbir, Bəqərə surəsinin 64 və 65-ci ayələrinin təfsiri.))

Bir qrup insan mübarizəni axıra qədər davam etdirmişdi. Onlardan bir qrup belə deyirdi: “Allahın yox edəcəyi və ya şiddətli bir əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?”. Öyüd-nəsihət verənlərin cavabı isə belə olmuşdu: “Bu, Rəbbimizə heç olmasa, bir üzrxahlıq etməyimiz üçündür, bəlkə, onlar Allaha xilaf çıxmaqdan çəkinələr”.

Mövzuyla əlaqədar ayələr belə davam edir:

Onlar [şənbə günü qadağasını pozub, balıq ovlayanlar] özlərinə verilən öyüd-nəsihəti unudanda biz də onları pislikdən çəkindirənləri xilas etdik. Zülmkarları isə etdikləri pisliklərə görə şiddətli bir əzaba düçar etdik.

Qadağan olunduqları işi [balıq ovlamağı] saya salmadıqları zaman onlara: “Zəlil meymunlar olun!”, – dedik (Əraf, 7/165-166).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.