Müsəlmanlar
Bəqərə surəsinin 62-ci ayəsi

Bəqərə surəsinin 62-ci ayəsi

Sual: Bəqərə surəsinin 62-ci ayəsini nə cür izah etmək olar? Həmin ayədə deyilənlərin Cənnətə düşməklə bir əlaqəsi var? Bu ayəyə əsasən Cənnətə kimlər gedəcək? Heç bir şərik qoşmadan Allahın varlıq və birliyinə, eləcə də axirətə iman edən və gözəl işlər (saleh əməllər) görənlərin aqibəti necə olacaq?

Cavab: İman gətirənlər, yəhudi, xristian və sabiilər… Bunlardan kim Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Bəqərə, 2/62).

Peyğəmbərin təbliği çatmayan şəxs yalnız şirkdən və özünün bildiyi düzgün şeylərdən məsul olur. Peyğəmbər təbliğindən xəbərdar olanlar isə o peyğəmbərə inanmaq və onun göstərdiyi kimi yaşamalıdırlar. Təbliğin bir şəxsə çatmağı onun peyğəmbərin möcüzəsini görməsi ilə baş verir. Çünki insan o vaxt elə hesab edir ki, peyğəmbəri şəxsən özü görüb.  Məhəmməd əleyhissəlamın möcüzəsi Qurani-Kərimdir. Quran ayələrini özlərinin başa düşə bildikləri dildə oxumamış, yaxud da dinləməmiş şəxslərə isə təbliğ çatmamış olur.

Yuxarıdakı ayəyə oxşar bir ayə də Əl-Maidə surəsindədir. O ayə özündən əvvəl və sonra gələn ayələrlə birlikdə aşağıdakı kimidir:

De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə endirilmiş olana doğru-dürüst əməl etmədikcə sizin heç bir dəyəriniz olmaz!”.

(Ey Məhəmməd!) Rəbbindən sənə nazil edilənlər onların çoxunun azğınlıq və küfrünü artıracaq! Elə isə kafirlərin halına yanma!

İman gətirənlər, yəhudilər, sabiilər və xristianlar… Bunlardan kim Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər.

Biz İsrail oğullarından əhd almış və onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə yanlarına onların istəmədiyi bir hökmlə gələn nə qədər elçi varsa, onları ya təkzib edər, ya da öldürərdilər (Maidə, 5/68-70).

Mövzu ilə əlaqədar ayələrdən biri də budur:

O kəslər ki, əllərindəki Tövrat və İncildə yazılı gördükləri elçiyə – ümmi [oxumaq-yazmaq bilməyən, yaxud məkkəli] peyğəmbərə tabe olurlar. O, [peyğəmbər] onlara gözəl işlər görməyi əmr, pis işləri qadağan edir və təmiz nemətləri halal, natəmiz şeyləri haram qılır. O, onların ağır yükünü azaldır və boyunlarındakı dəmir halqaları (boyunduruq və ya buxovları) açır. Ona inanan, onu hörmətlə dəstəkləyən, ona kömək edən və onunla birlikdə endirilmiş nurun [Qurani-Kərimin] ardınca gedənlər öz umduqlarına qovuşacaqlar [onlar nicat tapıb qurtulanlardır] (Əraf, 7/157)!

Bu üç dində – Yəhudilik, Sabiilik və Xristianlıqda Allahın varlığı, birliyi və axirət inancı vardır. Ayədəki gözəl işlər məfhumu ayrı-ayrı şəxslərdən asılı olaraq müxtəliflik göstərir. Yuxarıdakı ayələrin açıq şəkildə göstərdiyi kimi, onlardan axırıncı peyğəmbərin təbliği ilə qarşılaşan hər kəs ona inanmağa və o təbliğdə bildirilən yaxşı işləri görməyə məcburdur. Çünki Allah Təala bu barədə peyğəmbərlərdən qəti bir əhd almışdır:

[Ey kitab əhli!] Xatırlayın ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanları təsdiq edən bir peyğəmbər gəldiyi zaman, ona mütləq inanıb kömək edəcəksiniz!”, – deyə əhd almış və onlara belə demişdi: “Bunu qəbul edib ağır olan əhdimi öhdənizə götürdünüzmü?”. Onlar da: “Qəbul etdik”, – deyə cavab vermişdilər. Allah Təala: “Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahidlərdənəm”, – deyə buyurmuşdu (Ali-İmran, 3/81).

Nəticə etibarilə yuxarıdakı ayəni bu cür başa düşmək lazımdır:

İman gətirənlər, yəhudi, xristian və sabiilər (axırıncı peyğəmbərin təbliğindən xəbərdar olanlar)… Bunlardan kim (şərik qoşmadan) Allaha və axirət gününə inanıb yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər (Bəqərə, 2/62).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.