Sual: Bir işdə müvəffəqiyyət qazanmaq üçün nə etmək lazımdır? Quranda bununla əlaqədar ayələr var?
Cavab: İnsanların bəziləri: “Ey Rəbbimiz! Bizə nə verəcəksənsə, elə bu dünyada ver!”, – deyirlər. Onların axirətdə heç bir payı yoxdur! Onların bəziləri də: “Ey Rəbbimiz, bizə bu dünyada da, axirətdə də gözəllik ver! Bizi cəhənnəm əzabından qoru!”, – deyirlər. Məhz onlara qazandıqlarına [əməllərinə] görə axirətdə bir pay vardır! Allah haqq-hesabı tez çəkər (Bəqərə, 2/200-202)!
Müvəffəqiyyət qazanmağın iki şərti var: Bunlardan biri müvəffəq olmağı istəmək, digəri isə lazımi gücə malik olmaqdır. Allah Təala belə buyurur:
Sənin Rəbbin ruzini istəyən və gücü çatan üçün yayar. O, bəndələrinin halından xəbərdardır və onları görür (İsra, 17/30).
Allah ruzini yer üzündə dörd gündə, axtaranlar üçün eyni uzaqlıqda müəyyən etmişdir (Fussilət, 41/10).
Yer üzündə çörək, pendir, ət və sairə yoxdur, lakin onları əldə etmək üçün imkanlar var. O imkanlar müəyyən ölçüdədir. Əgər ölçüsüz olsaydı, o vaxt heç kim bir-birini saya salmaz, hamı özbaşınalıq edərdi. Allah Təala buyurur:
Allah bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, ruzini istədiyi ölçüdə endirir (Şura, 42/27).
Ruzi qaynaqları qıt və məhdud olduğuna görə israf etmək qadağandır. Bir ayədə belə deyilir:
Yeyin-için, lakin israf etməyin! Çünki Allah israf edənləri sevməz (Əraf, 7/31)!
Allah ruzidən ötrü lazımi qanunu qoymuş və bizim ona belə səslənməyimizi istəmişdir: “İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən” (Ali-İmran, 3/27). Onun istədiyi şəxslər qoyduğu qanunlara tabe olanlardır.
Bəqərə surəsinin 200-202-ci ayələrində bəzi insanların yalnız dünya malı istəməsi, bəzilərinin də həm dünyanı, həm də axirəti istədiyi bildirilib. Onların hamısı əməllərinin əvəzini alacaqlar. İşləməyən dişləməz. Axirəti istəyən də işləməlidir.
İman gətirib axirəti istəyən və onun uğrunda çalışanların səylərinin əvəzi veriləcəkdir (İsra, 17/19).
Deməli, bir şeyi istəmək kifayət deyil, onun üçün həm də işləmək lazımdır. Bu ayələr bununla əlaqədar hər şeyi xülasə edir:
İnsana ancaq öz işi, əmək və əməli qalar. Şübhəsiz ki, onun əməli görünəcəkdir! Sonra da ona [əməyinin] bütün əvəzi veriləcəkdir (Nəcm, 53/39-41)!
Yuxarıdakı hökmlər imkanları ən yaxşı şəkildə qiymətləndirməyin yollarını göstərir. O imkanları bizə təqdim edən Allahdır. Onun vermədiyi heç bir şeyə sahib ola bilmərik. Quraqlıq baş versə, yaxud şiddətli yağışlar məhsulu çürütsə, əkinçinin əlindən heç bir şey gəlməz. Biz bu dünyada imtahan edildiyimizə görə Allah Təala bizi müxtəlif çətinliklərlə sınaqdan keçirir. Bir ayədə belə deyilir:
İnsanın başına bir sıxıntı gəldiyi zaman bizi köməyə çağırır. Sonra dərgahımızdan ona bir nemət verdiyimiz vaxt: “Bu mənə biliyimə görə verilib!”, – deyir. Xeyr, bu bir imtahandır, lakin çoxları bunu bilmirlər (Zumər, 39/49).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.