Sual: Bəzi insanlar Quran ayələrindəki xuld və əbəd sözlərinin mənşəyinə və guya həzrəti Əbu Bəkr və Abdulla ibn Məsuddan iqtibas etdiklərini irəli sürdükləri sözlərə əsaslanaraq Cənnət və Cəhənnəmin bizim başa düşdüyümüz mənada əbədiliyi məsələsində şübhə oyandırırlar. Bu barədə nə deyə bilərsiniz? Yəni, bilmək istəyirəm ki, Cəhənnəm əbədidir, yoxsa yox?
Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Allahın ayələrini insanların sözlərinə əsaslanıb qiymətləndirmək düzgün deyil. Çünki Quranın izah edilməsi öhdəliyini necə deyərlər, Allah Təala məhz Özü götürüb.
“(Ey Muhəmməd!) Cəbrayıl sənə Quranı bildirdiyi vaxt tələm-tələsik dilini tərpətmə.
Onu cəm etmək və oxutmaq bizim işimizdir.
Biz oxuduğumuz vaxt onun oxunuşunu izlə.
Sonra onu izah etmək də bizim işimizdir”. ((Qiyamət, 75/16-19.))
“Əlim, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm edilmiş, sonra hakim (müdrik) olan və hər şeyin iç üzünü bilən Allah tərəfindən təfsilatla izah edilmişdir”. ((Hud, 11/1.))
Buna görə də bir ayəni başa düşmək üçün başqa ayələrə də baxmaq, bir qayda olaraq ayələri birlikdə təhlil edib qiymətləndirmək lazımdır. Cənnət və Cəhənnəmlə əlaqədar olan Quran ayələrinin bəzilərində açıq-aydın formada bildirilib ki, möminlər Cənnətdə, kafirlər isə Cəhənnəmdə əbədi olaraq (xalidiinə fiha əbədən) qalacaqlar. ((Nisa, 4/57, 122, 169; Maidə, 5/119; Tövbə, 9/22, 100; Kəhf, 18/3; Əhzab, 33/65; Təğabun, 64/9; Talaq, 65/11; Cinn, 72/23; Beyyinə, 98/8.))
“Biz heç bir bəşərə (insan) xuld (əbədiyyət) qismət etmədik. Sən ölsən, onlar əbədi qalacaqlar?
Hər nəfs ölümü dadacaq!”. ((Ənbiya, 21/34-35.))
Ayəyə əsasən xuld ölməzlik deməkdir. Bu söz dünya haqqında işlədildiyi vaxt uzun bir müddət, Axirət barədə işlədildikdə isə sonsuzluq mənalarını verir.
Bir sözlə, “hadis olan, yəni sonradan mövcud olan, yaradılan varlıqlar əbədi ola bilməz” kimi elementar məntiq qaydaları ilə Allahın ayələrini təvil edib yozmaq düzgün deyil. Allah nə buyurursa, onu o cür başa düşməliyik. Yoxsa, əstəğfirullah, bizim nə həddimiz var ki, Allahı haqq-hesaba çəkək? Bu mümkün deyil! Ona görə də bu cür məsələlərdə çaş-baş olmamaq üçün insanların dediklərinə deyil, Allahın dediyinə və nəyi necə dediyinə baxmalıyıq. Onun kitabında bir ixtilaf və ziddiyyət olmadığına görə həm başımız dinc olar, həm də ürəyimiz rahat. Buna görə Allah Təala buyurur:
“Qəlblər ancaq və ancaq Allahı zikr etməklə rahatlığa qovuşur”. ((Rəd, 13/28.))
Allahın zikri Qurandır.