ŞƏFAƏT
Bəqərə surəsi, 48-ci ayə
Elə bir gündən qorxun ki, o gün heç kim bir-birinin yerinə cəza çəkməyəcək. O gün heç kimdən şəfaət qəbul edilməyəcək və əvəz alınmayacaq. Onlara [günahkarlara] heç bir kömək edilməyəcək!
Şəfaət sözü belə bir məna verir: Kömək etmək, yaxud bir şey istəmək məqsədi ilə bir şəxsi müşayiət etmək, ona yoldaşlıq etmək. Bu sözün ən çox istifadə edilən mənası möhtərəm bir şəxsin özündən aşağı mövqedə olan birisini qorumaq məqsədilə dəstəkləməsi, havadarlıq etməsi və ona arxa durması mənasıdır. İnsanlar arasında bu cür münasibətlər olur. Allah Təala Qurani-Kərimdə belə buyurur:
Kim gözəl işə şəfaət etsə [buna havadarlıq edərsə], bundan [savabından] ona bir pay düşür. Kim də pis işə havadarlıq etsə, ondan [günahından] məsuldur. Allah hər şeyin əvəzini verəndir (Ən-Nisa, 4/85)!
Şəfaət deyildiyi vaxt, möhtərəm bir şəxsin Allahın hüzurunda bir başqasına arxa durub, havadarlıq etməsi və ona kömək göstərməsi nəzərdə tutulur. Allah Təala özünə qarşı edilən belə bir rəftarı qəbul etməz:
Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa nə bir himayədarları var, nə də [şəfaət edici] havadarları. Bəlkə, onlar pis işlərdən çəkinərlər (Ənam, 6/51)!
O gün hamının işi başından aşar. Allah buyurur:
O gün insan öz qardaşından, ata-anasından, xanımından və oğullarından qaçacaq! O gün onların işi başlarından aşacaq (Əbəsə, 80/34-37)!
De: “Bütün şəfaət ancaq Allaha məxsusdur!” (Əz-Zumər, 39/44).
De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir ziyan verə bilərəm” (Əraf, 7/188).
Ey iman gətirənlər! Ticarətin, dostluğun və şəfaətin qeyri-mümkün olduğu gündən [Qiyamət günündən] əvvəl sizə verdiyimiz ruzidən paylayın! Nankorluq edənlər [kafirlər] isə zalımlardır [özlərinə zülm edənlərdir] (Bəqərə, 2/254)!
Ənsardan ((Ənsar dini ədəbiyyatda Həzrəti Məhəmmədin sağlığında, yəni, İslamın erkən dövrlərində müşriklərin onlara verdiyi əzab-əziyyətdən qaçıb, Məkkədən Mədinəyə hicrət etmiş mühacirlərə yardım edən və peyğəmbərə yaxınlıq göstərən mədinəli müsəlmanlara verilən ümumi addır. Ənsar sözünün mənası kömək edənlər, mühacir kəlməsinin mənası isə hicrət edənlər, qaçanlardır – tərcüməçinin qeydi.)) Ümmül-Əla rəvayət edir ki, mühacirlər üçün püşk atıldığı zaman bizə Osman ibn Məzun düşdü. Onu evimizə yerləşdirdik. Sonra o, ölümcül bir xəstəliyə tutuldu. Vəfat etdiyi zaman yuyuldu və öz paltarları ilə kəfənləndi. Bu dəm Məhəmməd əleyhissəlam içəri girdi. O əsnada mən: “Ey Əbus-Saib! ((Əbus-Saib Osman ibn Məzunun ləqəbidir.)) Allah sənə rəhmət etsin! Mən Allahın sənə həqiqətən lütf etdiyinə şahidəm”, – dedim. Bunun üstündən Məhəmməd əleyhissəlam məndən: “Allahın ona lütf etdiyini nə bilirsən?”, – deyə soruşdu. Mən də: “Atam sənə qurban olsun ey Allahın elçisi! Bəs Allah kimə lütf edər?”, – dedim. Həzrəti Məhəmməd belə buyurdu: “Bəli, ona qaçınılmaz (mütləq) həqiqət gəldi (ölüm gəldi). Vallah mən onun üçün həmişə xeyir-xeyrat gözləyirəm. Ancaq mən Allahın peyğəmbəri olduğum halda, özümün belə, necə qarşılanacağımı bilmirəm”. Bundan sonra Ümmül-Əla: “Vallah mən bundan sonra heç kimi təmizə çıxartmayacağam”, – dedi. ((Buxari, Cənaiz, 3.))
Müşrik şəxs Allahı yer üzünün krallarına oxşatdığına görə vasitəçilik edən və onu qoruya biləcək birisini axtarır. Onun fikrincə bu, Allaha yaxınlığı olan və Allahın imtina etməyəcəyi bir şey olmalıdır. Məkkəli müşriklər elə hesab edirdilər ki, öz bütləri belə bir mövqedədir. Qurani-Kərimdə belə deyilir:
Onlar Allahı qoyub, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edirlər. Və belə deyirlər: “Bunlar Allahın hüzurunda bizdən ötrü şəfaət edənlərdir”. De: “Allaha göylərdə və yerdə [onun] bilmədiyi bir şeyi xəbər verirsiniz? Allah özünə şərik qoşulan şeylərdən uzaq və ucadır!” (Yunus, 10/18).
Allah kimə şəfaət etmək səlahiyyəti verirsə, onlar öz istədiklərinə deyil, yalnız Allahın istədiyi kimsələrə şəfaət edə bilərlər. Bu bilinən mənada bir şəfaət deyil. Allah Təala buyurur:
Allah onların nə etdiklərini də, nə edəcəklərini də bilir. Onlar ancaq Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onun [Allahın] qorxusundan titrəyərlər. Onlardan kim: “Mən Allahdan başqa bir tanrıyam”, – desə, onu cəhənnəmlə cəzalandırarıq. Budur, biz zalımlara belə cəza veririk (Ənbiya, 21/28-29)!
Əbu Hüreyrə rəvayət edir ki, «Ən yaxın qohum-əqrəbanı qorxut!» (Əş-Şuəra, 26/214) ayəsi nazil olduğu vaxt, peyğəmbər əleyhissəlam ayağa qalxdı və belə dedi:
Ey Qüreyş qəbiləsi! Özünüzü xilas etməyə çalışın! Allahın yanında mənim sizə heç bir faydam olmaz! Ey Abdumanaf oğulları, Allah yanında sizə heç bir xeyrim dəyməz! Ey Abdulmüttəlib oğlu Abbas (peyğəmbərin öz əmisi), Allahın hüzurunda mənim sənə heç bir faydam toxunmaz! Ey Səfiyyə (peyğəmbərin bibisi)! Allahın yanında sənə də heç bir xeyrim olmaz! Ey Məhəmmədin qızı Fatimə! Mənim mal-mülkümdən nə istəyirsən istə, ancaq Allahın hüzurunda sənə də heç bir faydam olmaz! ((Buxari, Vəsaya, 11.))
Allah Təala peyğəmbərimizə xitab edərək belə buyurur:
Sənə gələn hər yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə sənin özündəndir. [Ey Məhəmməd!] biz səni insanlara peyğəmbər olaraq göndərdik. Allahın buna şahid olmağı kifayətdir (Ən-Nisa, 4/79)!
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.