Sual: Mən bir neçə yerdə dedim ki, siqaret çəkmək insanın sağlamlığına zərər vurduğuna görə caiz deyil. Tanış-bilişlər o dəqiqə dedilər ki, çox yağlı yemək və həddindən artıq qırmızı ət yemək də sağlamlığa zərərlidir. Onların fikrincə, yağlı şeylər yemək də eyni məntiqə əsasən dini cəhətdən caiz olmamalıdır. Sonra əlavə etdilər ki, siqaret çəkməyin haram olub olmaması məsələsi şübhəlidir. Bu məsələni necə izah etmək olar?
Cavab: Siqaret çəkməyin haram olduğunu deyən fikir bir ictihada əsaslanır. Yəni, bu barədə “Siqaret haramdır” formasında bir Quran ayəsi və ya peyğəmbər hədisi yoxdur. Ancaq Allah ayələrdə xəbis şeylərin haram olduğunu bildirib. ((Əraf, 7/157.))
Bununla yanaşı, yaxşı məlumdur ki, siqaretin sağlamlığa çox böyük zərəri var. Beləcə, bunlara baxıb siqaret çəkməyin caiz olmadığını demək olar.
Saytımızda siqaret çəkməklə əlaqədar bir sual-cavab var. Həmin sual-cavabı aşağıdakı keçiddən oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/653.html
Qırmızı ət və ya digər qida məshullarında isə vəziyyət başqa cürdür. Belə ki, qırmızı ət öz-özlüyündə zərərli olan bir şey deyil. Sadəcə olaraq müəyyən xəstəliyi olan bəzi insanlara və həddindən çox yeyənlərə zərərli olduğu məlumdur. Əslində bu cür bir təhlükə başqa qida məhsullarında da ola bilər. Misal üçün, qənd zərərli bir qida məhsulu deyil. Lakin həkimlər bəzi xəstələrə məsləhət görürlər ki, qənd yeməkdən uzaq dursunlar. Bu isə öz növbəsində qəndin haram olduğunu deyil, sadəcə olaraq həmin şəxsin və ya onun kimi insanların sağlamlığına ziyan verdiyini göstərir. Yəni, qənddən hamı deyil, ancaq müəyyən naxoşluğu olanlar uzaq durmalıdır.
Amma indiyə qədər siqaretin bir xeyrinin olduğunu deyən hər hansı bir mütəxəssis olmayıb. Əksinə, sübut olunub ki, hamıya ziyandır və olduqca zərərli bir şeydir. Bu baxımdan siqaretdən qəti surətdə uzaq durmaq lazımdır.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.