Müsəlmanlar

Gün çıxandan sonra sübh namazını qılmaq olar?

Sual: Sübh namazının vaxtı haqqında məlumat verərsinizmi? Gecə yataqxanada ertədən yata bilmirik. Yerimizə uzansaq da, yuxu tutmur. Tez yatıb səhər saat 6-da dursam, hər şey çox gözəl olar. Bunu sınaqdan keçirdim amma gələcəkdə işlədiyimiz vaxtlarda da baş tutacağını güman etmirəm. Ona görə sizdən soruşuram. Sübh namazına durduğum vaxt tezdən dərsə gedirəm və bütün günü mürgüləyirəm. Praktikaya getdiyim vaxtlarda tezdən dururdum. Saat 8-də başlayırdı. Bu iş tempinə sadəcə olaraq 4 gün dözə bildim və xəstələndim. Mənim balacalığımda anam deyərdi ki, səhər vaxtı yuxudan dursan, savab qazanarsan. Amma gün çıxandan sonra oyansan, misal üçün, namazı saat 8-də qılsan, savab qazana bilməzsən. Lakin yenə də borcunu ödəmiş olarsan. Dində həqiqətən də, belə bir şey var? Təbii ki, əgər sübh namazını gün çıxandan sonra qılmaq olmursa, mütləq tez yatıb tez durmağa çalışmalıyıq. Xahiş edirəm, mənə bu məsələlər barədə məlumat verəsiniz.

Cavab: Bu söz namazını qəsdən qılmayanlar üçün deyilməyib: “Sübh namazı günorta namazının azanı oxunana qədər qəza deyil, əda edilir”. Oyanmaq istədiyi halda, oyana bilməyən insanlar yuxudan durduqları vaxt namazlarını dərhal qılmalıdırlar. Bu halda sübh namazı onlar üçün qəza deyil, əda olur; yəni, qəzaya qalmamış hesab edilir. Heç bir üzrlü səbəb olmadan sübh namazını qılmayanlar isə artıq o namazı qıla bilməzlər. Sübh namazının vaxtı günəşin doğuşu ilə başa çatır. Bu namazı üzrsüz yerə vaxtında qılmamaq böyük günahlardandır.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/qeza-namazi

Tezdən oyanmağın və gün ərzində tez yorulmamağın ən əsas şərti tez yatmaqdır. Elmi araşdırmalar göstərir ki, böyük yaşda olan bir insana gündəlik 6-7 saat yuxu kifayət edir.

Bu günlərdə Bakıda günəş təxminən saat 07:15-də çıxır. Əgər axşam saat 23:30-da yatsanız, səhər saat 06:00-da durub sübh namazınızı qıla bilərsiniz. Ondan sonra dərsə getdiyiniz vaxta qədər yatmağınız da mümkündür. Beləliklə, həm namazınızı qıla bilərsiniz, həm də günə dincəlmiş və effektiv formada başlayarsınız.

Bu yazıya baxmağınız da tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/1891.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.