Müsəlmanlar
Bəqərə surəsi, 7-ci ayə (II hissə)

Bəqərə surəsi, 7-ci ayə (II hissə)

BƏQƏRƏ SURƏSİ, 7-Cİ AYƏ, 2-Cİ HİSSƏ

ALLAH ONLARIN QƏLBLƏRİNİN VƏ QULAQLARININ ÜZƏRİNDƏ İZLƏR YARADIB. GÖZLƏRİNDƏ DƏ BİR PƏRDƏ VAR. ONLAR ÜÇÜN BÖYÜK BİR ƏZAB VARDIR!

İnsan ümumiyyətlə düşünən, yaxud danışan canlı kimi tərif olunur. Bununla əlaqədar olaraq ağıl insanla heyvanı bir-birindən ayıran ən mühüm xüsusiyyət hesab edilir. Halbuki, Qurani-Kərimdə quşların və qarışqaların danışmalarından və ağıllarından istifadə edib bir şeyi qiymətləndirmələrindən danışılır. Bu da insanla heyvan arasındakı fərqin başqa istiqamətlərdə axtarılmalı olduğunu göstərir. Quranda qarışqa və quşlarla əlaqədar ayələr bunlardır:

Süleyman üçün cin, insan və quşlardan ordular toplandı. Onlar müntəzəm bir halda idilər. Qarışqa dərəsinə qədər gəldilər. Bir qarışqa belə dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də bilmədən sizi ayaqlayıb əzməsinlər”.

Süleyman qarışqanın bu sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Mənə özümə və valideynlərimə ehsan etdiyin nemətə şükr etmək və sənin istədiyin yaxşı işi görmək üçün ilham ver! Məni öz mərhəmətinlə saleh bəndələrinin arasına qat!”.

Sonra Süleyman quşlardan ibarət olan ordunu yoxlayıb belə dedi: “Nə oldu ki, Hüdhud quşunu görmürəm. Yoxsa o burada deyil? And olsun ki, ona ağır bir cəza verəcəyəm, ya da onu tutub kəsəcəyəm! Yaxud da o, (niyə burada olmadığına dair) açıq-aydın bir dəlil gətirsin!”.

Süleyman çox gözləyəsi olmadı. Hüdhud quşu çıxıb gəldi və belə dedi: ”Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm; orada hökmdarlıq edən bir qadın gördüm. Onun hər şeyi var, üstəlik də çox böyük bir taxtı. Gördüm ki, o qadın və tayfası Allahı qoyub günəşə sitayiş edirlər. Şeytan gördükləri pis işləri onlara gözəl kimi göstərib və onları doğru yoldan çıxardıb. Buna görə də onlar hidayət olmurlar (doğu yolu tapa bilmirlər)”.

Göylərdə və yerdə gizli olan şeyləri üzə çıxardan, onların gizlətdikləri və aşkar etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (şeytan belə edib).

O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!

(Süleyman Hüdhud quşuna) dedi: “Biz görəcəyik, görək doğru deyirsən, yoxsa sən yalançısan!?

Mənim bu məktubumu aparıb onlara at, sonra bir az kənara çəkil. Bax gör nə cavab verəcəklər!”.

(Səba hökmdarı) belə dedi: “Ey əyanlar! Mənə qiymətli (hörmətli) bir məktub göndərilib. Bu məktub Süleymandan gəlib və «Bismillahir-Rahmənir-Rahim»lə başlayır. Məktubda: “Mənə qarşı təkəbbür göstərməyin və (Allaha) təslim olaraq yanıma gəlin”, – deyilir.

(Səba hökmdarı) dedi: “Ey əyanlar! Bu məsələ barəsində mənə öz fikrinizi bildirin. Mən sizinlə məsləhətləşmədən heç bir iş görən deyiləm (Nəml, 27/17-32)!

Bu ayələrdə quş və qarışqanın ağıllı bir şəkildə danışdığından bəhs edilir. Qurani-Kərim ağlı və danışmağı deyil, qəlbi, eşitməyi və görməyi insanı heyvandan ayıran üç əsas fərq sayır. Allah Təala buyurur:

O, xəlq etdiyi hər şeyi gözəl yaratdı; insanı yaratmağa palçıqdan (sulanmış torpaqdan) başladı. Sonra onun soyunu süzülmüş bir (qiymətsiz sudan) nütfədən əmələ gətirdi. Sonra onu düzəldib insan formasına saldı və ona öz ruhundan üfürdü. Sizə qulaq, göz və ürək verdi. Siz az şükr edirsiniz (Səcdə, 32/7-9)!

Öz ağlından istifadə etməyən insanlar aşağıdakı ayədə qoyun, inək və dəvəyə oxşadılmışdır:

Biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları da var, ancaq onunla eşitməzlər. Onlar heyvan (qoyun, inək və dəvə) kimidirlər, bəlkə də, daha aşağı səviyyədədirlər. Qafil olanlar da onlardır (Əraf, 7/179)!

Səviyyə baxımından qoyun, inək və dəvədən aşağı olan heyvan qarğadır. Əslində həqiqətlər qarşısında özlərini görməməzliyə vuran və öz ağıllarını işlətməyən insanlar məhz bu heyvana bənzədiliblər. Bəqərə surəsində belə deyilir:

Özlərini görməməzliyə vurub kafirlik edənlər qarğa kimidirlər; qarğa qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və bağırtıdır. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər (ağıllarını işlətməzlər) (Bəqərə, 2/171).

Heyvanların da ürəyi vardır; lakin bu ürək bədənə qan vurmaqdan başqa bir iş görmür. İnsanın qəlbi isə eyni zamanda bir qərarvermə orqanı və bədənin əsas kontrol mərkəzidir. Ağıl doğru şeyləri axtarıb tapır. Qəlb isə insanın mənfəətlərinin, onun güman və həvəslərinin təsiri ilə bunları ya qəbul edir, ya da rədd. Həqiqi iman üçün qəlb vasitəsi ilə təsdiq etmək şərtinin qoyulması da bunu göstərir.

Firon Musa peyğəmbərin (ə. s.) peyğəmbərliyini qəbul etmirdi, lakin buna baxmayaraq onun Allahın elçisi olduğunu yaxşı bilirdi. Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:

Bizim möcüzələrimiz açıq-aşkar şəkildə gəlib onlara çatanda: “Bu açıq-saçıq bir sehrdir”, – dedilər. Onların həqiqi olduğuna daxilən inandıqları halda, zalımlıq və təkəbbür üzündən inkar etdilər (Nəml, 27/13-14)!

Cəhənnəmlik insanlardan bəhs edən ayələr onların öz günahlarını bilə-bilə etdiklərini göstərir:

Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır! Nə pis haldır bu! Onlar cəhənnəmə atıldıqları zaman onun qorxunc uğultusunu eşidəcəklər. Cəhənnəm qaynar olacaq! Cəhənnəm (kafirlərə olan) qeyzindən az qalacaq ki, parçalansın.

Hər bir dəstə oraya atıldıqca cəhənnəmin gözətçiləri onlardan: “Məgər sizə bir qorxuducu (peyğəmbər) gəlməmişdi?”, – deyə soruşacaqlar. Kafirlər belə deyəcəklər: “Bəli, bizə bir peyğəmbər gəldi, ancaq biz onu təkzib edib belə dedik: “Allah heç bir şey nazil etməyib. Siz sadəcə olaraq (yoldan) çox azmısınız”.

Onlar: “Əgər biz ona qulaq asıb ağıl işlətsəydik, indi bu qızğın cəhənnəm əhlindən olmazdıq”, – deyəcək və beləliklə, öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəmliklər (Mülk, 67/6-11)!

Heyvanların da gözü var, lakin onlarda bəsirət yoxdur. Quran ayələri bəsirəti xüsusilə vurğulayır. Bəsirətin mənası baxılan şeyin başa düşülməsi və dərk edilməsi deməkdir. Heyvanlar isə lazımi səviyyədə dərk edə bilmirlər. Əgər bir heyvan əlində bıçaq tutub yanına gələn insanın onu kəsəcəyini başa düşsə, nə olar? Yanında bir buğanın və yaxud inəyin kəsildiyini görən bir dana heç bir şey olmayıbmış kimi yenə öz otlamağına davam edir. Ancaq insanlar bir qatilin rahat-rahat gəzib-dolaşmağına belə razı olmurlar.

Eşitmək eşidilən səsləri bir-birindən ayırıb onların mənasını qavramaq deməkdir. İnsan eşitdiyi şeyləri zehnində qiymətləndirir və qəlbinin verdiyi qərarla özünə bir hərəkət xətti seçir. Heyvanlarda isə bu xüsusiyyət yoxdur. Qarışqanın yuxarıdakı ayədə etdiyi xəbərdarlıq əslində bir təcrübənin nəticəsidir. Belə ki, heyvan təlimçiləri heyvanlara öyrətdikləri təcrübi şeylərlə müvəffəqiyyət qazanırlar. Buna da şərtlənmə və asılılıq (refleks, instinkt) deyilir.

İnsan da şərtlənir. Onun bəzi davranışları qulaq, göz və qəlbini sıradan çıxardır və insan artıq bu üç orqanın verdiyi məlumatları düzgün qiymətləndirə bilmir. Əslində bu, qəlbin kor və kar olmasıdır. Əsl korluq və karlıq məhz budur. Quranda belə deyilir:

Məgər onlar yer üzündə gəzib-dolaşmadılarmı ki, onların düşünən qəlbləri və eşidən qulaqları olsun? Əslində kor olan gözlər deyil, əsl  kor olan kökslərdəki qəlblərdir (Həcc, 22/46)!

Yer üzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bu həqiqət aydın olmadımı? Əgər biz istəsəydik, günahlarına görə onları bəlalara mübtəla edərdik. Onların qəlblərinin üstündə yeni bir təbiət yaradırıq (onların ürəklərini möhürləyirik), onlar artıq eşitməzlər (Əraf, 7/100).

Ağıldan istifadə etmək ona uyğun rəftar etməkdir. Belə etməyənlər günah edib cəzaya layiq olurlar. ((Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə və Bəqərə surələri, Təknur nəşriyyatı, Bakı, 2005, s. 83-87.))