Müsəlmanlar

Qadınlar və Cümə namazı

QADINLARIN CÜMƏ NAMAZINDA İŞTİRAKI

Gündəlik 5 vaxt namazdan fərqli olaraq mütləq surətdə camaatla (kollektiv formada) qılınmalı olan Cümə namazı Ulu Rəbbimizin kişi və qadınları bir-birindən ayırmadan Qurani-Kərimin Cümə surəsinin 9-cu ayəsi ilə əmr etdiyi bir namazdır. Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) də ayrı-seçkilik qoymamış, beləcə, Cümə namazı kişilər kimi qadınlar üçün də diniləşdirilmişdir. Amma müvafiq üzrlü səbəblərə görə kişilərə olduğu kimi, qadınlara da Cümə namazında iştirak etməmək icazəsi verilib.

Cümə namazı qılmağın qadınların dini borcu olmadığına dair mötəbər bir hədis yoxdur. Misal üçün, 5474 hədis rəvayət edən Əbu Hüreyrə, 2630 hədis nəql edən Abdulla İbn Amr, 2286 hədis rəvayət edən Ənəs İbn Malikdə və həmişə peyğəmbərimizlə birgə olan və ondan 2210 hədis nəql edən anamız həzrəti Ayşədən və digər məşhur qadın əshabələrdən Cümə namazının qadınlara aidiyyətinin olmadığını bildirən bir həds varid olmayıb. Hənəfi məzhəbinin müctehidlərinin istidlal etdikləri: “Uşaq, əsir, kölə, qadın və xəstələrdən başqa Allaha və axirət gününə inanan hər insana Cümə günü Cümə namazı qılmaq vacibdir”, – hədisi də daxil olmaqla, bütün hədislər dəlil göstərilə bilməyəcək qəbildən olan zəif hədislərdir.

Bu məsələ ilə əlaqədar olan hədislərin arasında hədis metodologiyası baxımından ən güclü hədis Əbu Davudun Tariq İbn Şihabdan rəvayət etdiyi: “Cümə namazı əsir, qadın, uşaq və xəstədən başqa bütün aqil möminlərə fərzdir (vacib)”, – mənası verən hədisdir. Lakin Tariq İbn Şihab həzrəti peyğəmbəri görmüş, amma ondan hədis rəvayət etməmiş olduğu üçün bu hədis dəlil kimi götürülə bilməyəcək qəbildən olan zəif (mürsəl) bir hədisdir. ((Əbu Davud, Səlat, 215; Məcməuz-Zəvaid, 2/170, Bədaius-Sənai, 1/258; Nasbur-Rayə, 2/199. Mürsəl hədis zəifdir. Rədd olunur.))

Bu da bir həqiqətdir ki, qadınların Cümə namazında iştirak etməyini dini bir borc olmaqdan çıxardan şifahi bir Sünnə yoxdur; bununla yanaşı, onlar bu məsələdə, yəni, Cümə namazına gedib getməmək məsələsində öz üzrlü səbəblərinə əsasən seçim azadlığına malikdirlər. Belə də olmalı idi. Çünki namaz qılmağın mümkün olmadığı xüsusi hallar (aybaşı və sairə kimi hallar), əlavə olaraq hamiləlik və körpə uşağı olmaq kimi hallar onların Cümə namazı qılmağına mane olur və bu səbəblərə görə qadınlar üzrlü hesab edilirlər.

Aşağıdakı rəvayətlər qadınların həzrəti peyğəmbərlə birlikdə Cümə namazı qıldıqlarını sübuta yetirir:

A) Qadınlar həzrəti peyğəmbərlə birlikdə Cümə namazı qılırdılar. Sadəcə olaraq onlara xəbərdarlıq edilirdi ki, məstedici ətirlər vurub namaza gəlməsinlər. ((Əbu Şeybə, Musannəf, hədis nömrəsi 5157.))

B) Allahın elçisi qadınlara da xitab edərək belə demişdir:

“Cümə namazına gələn kişilər və qadınlar yuyunsunlar (çimmək). Gələ bilməyən kişi və qadınların çimməyi lazım deyil”. (Beyhəqi, Cümə, 3/188.)

C) Cümə surəsinin: “Bir ticarət (al-ver) və əyləncə gördükləri vaxt səni ayaq üstə qoyub ona tərəf axın etdilər”, – mənasını daşıyan 11-ci ayəsində işarə vurulan hadisədə həzrəti peyğəmbər minbərdə xütbə oxuduğu vaxt ticarət karvanının gəldiyini görən bəzi əshabələr Cümə namazını tərk ediblər. İbn Abbasın rəvayətinə əsasən arxada, yəni Cümə namazında 13 kişi və 7 qadın qalıb. (Mövdudi, Təfhimul-Quran, Cümə, 9.)

Bu rəvayət göstərir ki, peyğəmbərin dövründə qadınlar Cümə namazı qılıblar.

D) Harisənin qızı Ümmü Hişam nəql edir:

“Mən Qaf surəsini Cümə namazlarında həzrəti peyğəmbərin dilindən öyrəndim. Çünki o hər Cümə günü minbərdə Qaf surəsini oxuyurdu”. ((Müslim, Cümə, Qiraətul-Quran.))

Aşağıdakı hadisə isə xəlifələrin dövründə qadınların da Cümə namazı qıldıqlarını göstərir.

E) Müsəlmanların xəlifəsi həzrəti Ömər bir Cümə xütbəsində qadınlara çox mehir verildiyinə dair bir şikayətə əsasən mehirin məhudlaşdırılmasını (azaldılmasını) tələb edir. Bunun üstündən bir qadın ayağa qalxır və etirazını bildirir. Həmin qadın xəlifə Ömərə Nisa surəsinin 20-ci ayəsini oxuyur və onun ayədəki: “Yığın-yığın mehir versəniz də!”, – sözünə zidd hərəkət etdiyini və mehirin azaldılmasının mümkün olmadığını deyir.

Həmin ayəni eşidən Ömər: “Bu qadın Ömərdən çox bilir”, – deyərək istəyənin istədiyi kimi hərəkət edə biləcəyini bildirir. (İbn Kəsir, Nisa surəsinin 6-cı ayəsinin təfsiri.)

Camaatla birlikdə qılınması sünnəti-müəkkədə olan vaxt namazlarında müntəzəm surətdə iştirak etməyə çalışan qadın əshabələr şübhəsiz ki, camaatla qılınmağı fərz olan Cümə namazını da qılıblar.

Həzrəti peyğəmbər və əshabələrin dövründə qadınların gündəlik namazlardan və Cümə namazlarından bu və ya digər şəkildə uzaqlaşdırıldıqlarına dair heç bir rəvayət varid olmayıb.

Bütün fiqh məzhəblərimiz tərəfindən təsdiq olunur ki, Cümə namazı qılan qadınlar o günün günorta namazını qılmalı deyillər. Bu da güman edilənin əksinə olaraq, qadınların Cümə namazından azad olmadığını göstərir. Çünki əgər azad olsaydılar, qadınlar üçün Cümə namazı nafilə, gönorta namazı da vacib olardı. Nafilə olan Cümə namazını qılmaqla fərz olan günorta namazı yerinə yetirilmiş ola bilməzdi.

Verilən izaht və şərhlər fonunda qadınların Cümə namazı camaatlarında iştirakıyla əlaqədar olaraq Quran və Sünnənin ruhuna müvafiq formada deyiləcək söz budur: Cümə namazında iştirak etməkləri lazımdır. Əsas məsələ bu namazı qılmaqlarıdır. Amma səfərdə olmaq və xəstəlik kimi kişilərlə müştərək olan və iştiraka mane olan üzrlü səbəblərlə yanaşı, qadınların aybaşı halı kimi özlərinə məxsus dini, tibbi və uşaq və xəstə həyat yoldaşının himayəsi kimi adət-ənənədən irəli gələn üzrlü səbəblər onlar üçün ancaq və ancaq iştirak etməməklə əlaqədar bir icazə təşkil edə bilər. ((Ali Rıza Demircan, Hac ve Umre Yüceliğe Çağrıdır, Beyan Yayınları, İstanbul, 2008, s. 343-345.))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.