Müsəlmanlar

Molla kəbini kəsildikdən sonra boşanma baş versə, qadına mehir verilməlidir?

Sual: Dini kəbin kəsilib amma ər-arvadın arasında cinsi əlaqə baş verməyib. Sözkəsdi, nişan və rəsmi nikah da yoxdur. Bu halda qadına verilən mehir qaytarılmalıdır? Yoxsa hələ verilməyibsə, vermək lazımdır?

Cavab: Əgər bu kəbindən qızın ailəsinin xəbəri və icazəsi yoxdursa və arada cinsi əlaqə (hər hansı bir intim münasibət) baş verməyibsə kəbin etibarsız hesab olunur. Buna görə də hər hansı bir mehir vermək lazım deyil. Lakin əgər kəbin qızın ailəsinin icazəsi ilə kəsilibsə və mehir müəyyən edilibsə, rəsmi nikah olmasa da, müəyyən edilən mehirin yarısını vermək lazımdır. Əgər mehir müəyyən edilməmişdən əvvəl boşanma baş veribsə, o vaxt kişi qadına istifadə edəcəyi bir şey verməlidir.

Bu məsələ ilə əlaqədar Quran ayələri aşağıdakı kimidir:

“Qadınları onların mehrlərini təyin edənə qədər toxunmadan (onlarla yaxınlıq etmədən) boşasanız, bunun sizə bir günahı yoxdur. Onlara istifadə edəcəkləri (faydalanacaqları) bir şey verin. İmkanı olan öz qüvvəsi daxilində, kasıb da gücü çatdıgı qədər mərufa (müəyyən edilmiş qaydaya) müvafiq olaraq onları faydalandırsın (onlara bir şey versin). Bu, gözəl davrananların üzərində bir borcdur.

Qadınları mehrlərini müəyyən etdikdən sonra toxunmadan bosasanız, mehrin yarısını onlara verməlisiniz! Ancaq qadınlar və ya kəbin düyünü əlində olan tərəf öz haqqını bagıslaşa, bu başqa. Sizin bağışlamağınız qorunmaq üçün daha münasibdir (müttəqiliyə daha yaxındır). Aranızdakı üstünlüyü unutmayın! Şübhəsiz ki, Allah sizin etdiyiniz hər şeyi görür”. (Bəqərə, 2/236-237)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.