Sual: Sualıma görə üzr istəyirəm, ayaqyolunda sidiyi xaric etdikdən sonra dətəmaz almaq üçün nə qədər vaxt gözləmək lazımdır? Bəzi hallarda axıntı baş verir. Bunun dəstəmaza bir ziyanı var?
Cavab: Sualınıza cavab olaraq qeyd edək ki, istibra sözü fiqh (İslam hüququ) terminologiyasında aşağıdakı mənanı verir:
“Ayaqyolunda dəstəmazı batil etdikdən sonra sidiyin tamamilə kəsildiyini başa düşmək üçün bir müddət gözləmək və bu məqsədlə bəzi şeyləri yerinə yetirmək”.
Buna əsasən tualetdən çıxdıqdan sonra dərhal dəstəmaz almamaq, bir müddət gözləmək və sızmanın (axıntı) kəsildiyinə tam arxayın olanadək istibranı davam etdirmək lazımdır. Çünki dəstəmaz aldıqdan sonra sidik sızsa, dəstəmaz sınır (pozulur, batil olur). Belə hallar qadınlardan çox kişilərlə əlaqədar olduğuna görə kişilər bu məsələdə çox diqqətli olmalıdırlar.
İstibranın nə qədər vaxtda və nə cür yerinə yetirilməsi məsələsi isə hər bir insanın yaradılışından asılı olaraq fərqli olur. Fiqh kitablarında istibra üçün məsləhət görülən öskürmək, yerimək, uzanmaq və oxşar şeylərin dini bir mahiyyəti yoxdur. Odur ki, hər insan öz orqanizmi baxımından ən münasib üsulu tətbiq etməli, təmizliyi təmin etmədən dəstəmaz almağa başlamamalıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.