Müsəlmanlar
Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür?

Deyirlər ki, ömrəyə gedənə Həcc də vacib olur. Bu düzdür?

Sual: Həccə getmək üçün lazımi qədər pulu olmayan bir insan ömrə ziyarətinə gedə bilər? Deyilənə görə belə bir insan ömrəyə getdiyi vaxt Kəbəni gördüyü üçün sonradan həccə getmək ona vacib olurmuş, necə deyərlər, guya boynuna həccə getmək gəlirmiş. Bu söz-söhbət dini cəhətdən nə dərəcədə doğrudur?

İmkanı olan şəxsin ömründə bir dəfə ömrəyə getməsi sünneyi-müəkkədə kimi qəbul edilir. Yəni, bu, təkidlə bildirilmiş müstəhəb bir əməldir. Ərəfə günü və qurban bayramının ilk dörd günündə ömrə etmək isə təhrimən məkruh hesab olunur. Bunun xaricində ilin hər bir günü ömrə etmək mümkündür.

Şəvval və zilqədə ayları ilə zilhiccə ayının ilk on günü həcc mövsümüdür. Həcc mövsümü xaricində ömrə ziyarəti edən bir müsəlmana Kəbəni gördüyünə görə həcc ziyarəti vacib olmur.

Ömrə ziyarətini həcc mövsümündə edən bir şəxs zilhiccə ayının 10-una qədər  orada gözləyə bilər. Buna görə də bir həcc etmək imkanı qazanmış hesab olunur. Bu cür həcci yerinə yetirmək fürsəti yarandığı halda həcc etməyən müsəlmanlar buna görə məsuliyyət daşıyırlar.

Ömrə ziyarəti üçün uzaq yerlərdən Məkkəyə gedən müsəlmanlar əvvəllər həcc ibadətini yerinə yetirməyiblərsə, öz ömrələrini həcc mövsümünün xaricində yerinə yetirməlidirlər. Əgər həcc mövsümündə ömrə etsələr, bu halda həcc günlərinədək gözləyib həcc ibadətini də yerinə yetirməlidirlər.