Sual: Belə bir fikir irəli sürülür ki, həcci 3 ay içərisində yerinə yetirmək mümkündür. Siz bu barədə nə deyərdiniz?
Həcc aylarında sadəcə olaraq ibadət deyil, ticarət və ictimai fəaliyyətlə də məşğul olmaq mümkündür. Bütün bunlar əvvəldən bəri bilinən aylarda – zilqədə, zilhiccə və məhərrəm aylarında, həcc ibadəti isə sadəcə olaraq həcc ayı mənası verən zilhiccədə, yəni, bu ayın müəyyən günlərində – 9-undan 13-ünədək olur. Allah Təala İbrahim peyğəmbərə (s. a. v.) belə əmr etmişdi:
“Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər. Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin. Sonra Ərəfat vəqfəsini tamamlasınlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər”. ((Həcc, 22/27-28.))
Bu ayədə də buna oxşar bir məqam var:
“(Həcc mövsümündə) Rəbbinizdən ruzi diləməyiniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdıb, axın etdiyiniz zaman Məşərul-Haramın yanında Allahı xatırlayın. Sizə necə göstəribsə, Onu o cür xatırlayın. Siz bundan əvvəl həqiqətən, yanlış yolda idiniz!”. ((Bəqərə, 2/198.))
Ərəfatdan axın etmək və Məşərul-Haramın yanında Allahı xatırlamaq (zikr edib anmaq) qurban bayramının birinci günündə olur. İki, üç və dördüncü günlərdə şeytan daşlama işi görülür. Bununla əlaqədar ayə belədir:
“Sayı məlum olan günlərdə Allahı xatırlayın! Kim tələsərək (Minadan) iki gündə qayıtsa, ona heç bir günah gəlməz. Kim geciksə, ona da bir günah yoxdur. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və bilin ki, siz onun hüzurunda toplanacaqsınız!”. ((Bəqərə, 2/203.))
Qurban bayramının birinci günü hacılar şeytan daşlar, qurban kəsər və Məkkəyə enib Kəbəni təvaf edərlər. İkinci gün, yəni, əyyami-təşriq başlar. Bundan sonra Minada dalbadal iki gün şeytan daşlamaq ibadəti yerinə yetirilir. İstəyən şəxs üçüncü gün də qalıb eyni işi görər. Şeytana daş atdıqda: “Bismillahi, Allahu Əkbər (Allahın adı ilə! Allah böyükdür!)”, – deyilir. Bu günlərin zikri bundan ibarətdir. Bunu peyğəmbərimiz (s. a. v.) göstərib.
Həcc mövsümü təkcə ibadət deyil, eyni zamanda möhkəm ticarət və ictimai fəaliyyət mövsümüdür. Sizə vebsaytımızda bu məsələ ilə əlaqədar olan HƏCCDƏ TİCARƏT VƏ İCTİMAİ FƏALİYYƏT başlıqlı yazını oxumağınızı məsləhət bilirik. Həmin yazını aşağıdakı keçidə daxil olmaqla oxuya bilərsiniz: