Müsəlmanlar

Biz Cənnətdə Allahı görə biləcəyik?

Sual: Cənnətdə Allahı görmək barədə deyilənlər düzdür? Əgər Allahı görəcəyiksə, bu “görmək” necə olacaq? Yəni, arada hər hansı bir vasitə və pərdə olmadan birbaşa görəcəyik?

Cavab: Aşağıdakı Quran ayələri və hədislərə əsasən Cənnətə düşən möminlərə verilən nemətlərdən biri də Allah Təalanın camalını görmək olacaq:

“Üzlər var ki, həmin gün par-par parıldayacaq. Rəblərinə baxacaqlar (Onu görəcəklər)”. ((Qiyamət, 75/22-23.))

Cərir ibn Abdullah Əl-Bəcəlinin (r. a.) rəvayətinə əsasən o, belə demişdir:

“Rəsulullahın (s. a. v.) hüzurunda oturmuşduq. Rəsulullah (s. a. v.) bədrlənmiş aya baxdı və belə dedi”:

“Siz Rəbbinizin hüzuruna gedəcəksiniz və bu ayı gördüyünüz kimi, onu da görəcəksiniz. Görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan əvvəlki namaza və gün batmadan qabaq qılınan namaza gücünüz çatdıqca davam edin”.

Peyğəmbər (s. a. v.) sonra bu ayəni oxudu:

“Günəşin doğmasından və batmasından əvvəl Rəbbinin qüdrət və ucalığını bütün həmdi ilə zikr et”. ((Tirmizi, Cənnət, 16.))

Əbu Hüreyrənin (r. a.) rəvayətinə əsasən peyğəmbər (s. a. v. ) belə demişdir:

“Siz bədrlənmiş gecədə ayı görməkdə çətinlik çəkirsiniz? Ya da həmişə günəşi görməkdə bir çətinliklə üzləşirsiniz?”.

Əshabələr cavab verdilər:

“Xeyr”.

Bunun üstündən rəsulullah (s. a. v.) sözlərinə belə davam etdi:

“Siz Rəbbinizi bədrlənmiş gecədə ayı gördüyünüz kimi rahatlıqla görəcək və heç bir çətinlik çəkməyəcəksiniz”. ((Tirmizi, Cənnət, 17.))

Suheybin rəvayətinə görə peyğəmbər belə demişdir:

“Yaxşı və faydalı işlər görməkdə davamlı və qərarlı olanlara bunun əvəzində yaxşısı və ondan çoxu var”. ((Yunus surəsi, 26-cı ayə. Ayənin tam mətni: Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Ə. Musayevin tərcüməsi.))

Peyğəmbər sözlərinə davam edib həmin ayə barədə belə dedi:

Cənnətliklər Cənnətə girdikləri vaxt bir dəllal qışqıraraq deyəcək: “Allah sizə bir şey söz verib”. Cənnətliklər deyəcəklər: “Məgər bizim üzümüzü ağ etmədi? Bizi atəşdən xilas etmədimi? Bizi Cənnətə daxil etmədimi?”. Mələklər: “Bəli”, – deyə cavab verəcəklər. Bundan sonra pərdə açılacaq”.

Rəsulullah (s. a. v. ) sözlərinə davam etdi:

“And olsun Allaha, Allah həmin gün cənnətliklərə Özünün görülməyindən daha yaxşı bir şey verməmişdir”. ((Tirmizi, Cənnət, 16.))

İndi isə Allahı görməyin nə cür olacağı məsələsinə gələk:

“Biz yer kürəsinə oxşayan ayı və dünyadan bir milyon dəfə böyük olan günəşi necə görürüksə, Allahın camalını (gözəlliyini) də o dərəcədə görəcəyik. Sevgili peyğəmbərimiz belə, Allahı bir nurun təcəllisi halında görə bilib. Ondan: “Rəbbini gördünmü”, – deyə soruşulduqda: “O bir nurdur, Onu necə görə bilərəm?”, – deyə cavab verib. Üstəlik ay və günəş yer kürəsindən görüldüyü kimi, laməkan olan Allah da Cənnətdə deyil, məhz Cənnətdən görüləcək. Qaldı ki, Quranda “görmək” deyil, “nəzər salmaq-baxmaq” ifadəsi işlədilib. Əlavə olaraq, Quranda “Gözlər onu dərk edə bilməz” ((Ənam, 6/103.)) – deyilir. ((Ali Rıza Demircan, Kur’an ve Sünnet Işığında Cennet Hayatı, İstanbul, 2009, s. 88.))

Yuxarıda verilən izahdan da məlum olduğu kimi, Cənnətə daxil olan möminlər Allahı görə biləcəklər. Təbii ki, bu görmək məsələsi onu tam mənada dərk etmək formasında olmayacaq. Ali Rıza Demircanın günəşin görülməsi ilə əlaqədar olaraq verdiyi misal yerinə düşən bir təsbitdir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.