Sual: İnsan ürəyinə gələn pis şeylərə görə məsuliyyət daşıyır? Bu cür vəsvəsələrdən xilas olmaq mümkündür?
Cavab: Allah belə buyurur:
“Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı aşkara çıxartsanız da, gizlətsəniz də, Allah sizi onunla haqq-hesaba çəkəcəkdir. Sonra istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!”. (Bəqərə, 2/284)
Muhəmməd peyğəmbər (s. a. v.) demişdir:
“Baxın, bədəndə bir ət parçası vardır; o yaxşı olarsa, bütün bədən yaxşı olar, o xarab olarsa, bütün bədən tar-mar olar. O parça ürəkdir”. (Müslim, Müsəqat, 107)
İnsanın daxilində – onun ürəyində olan şeylərlə düşündüyü şeylər eyni deyildir. İnsanın daxilində olan iman, kafirlik, sevgi, nifrət, kin, xoş niyyət və sairə kimi şeylər onun həyatına istiqamət verən şeylərdir. Düşündükləri isə ümumiyyətlə şeytan vəsvəsəsidir. Bəzən ürəyinizə elə şeylər gəlir ki, öz-özünüzə: “Əcəba, mən kafir oldum?”, – deyirsiniz. Əslində bu, düzgün yolda olduğunuzu göstərir. Çünki şeytan Allahdan Qiyamətə qədər möhlət aldığı zaman belə demişdi:
“And olsun ki, onlar üçün sənin doğru yolunun üstündə oturacağam.
Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm. Görəcəksən, onların çoxu əlində olanın qiymətini bilməyəcək (şükr etməyəcək)”. (Əraf, 7/16-17)
Şeytana icazə verildiyinə onun vəsvəsəsinə mane olmaq olmaz. Bundan peyğəmbərlər də yaxa qurtara bilməzlər. Allah Təala belə buyurur:
“Səndən əvvəl göndərdiyimiz elə bir rəsul (Allah elçisi) və elə bir nəbi (peyğəmbər) yoxdur ki, o, bir şey arzuladığı zaman şeytan onun arzusuna vəsvəsə qarışdırmış olmasın. Allah şeytanın qarışdırdığı vəsvəsəni yox edər, sonra öz ayələrini qüvvətləndirər. Allah biləndir, hikmət sahibidir”. (Həcc, 22/52)
Şeytanın vəsvəsəsindən yaxa qurtarmağa güc çatmadığına görə bunun bir məsuliyyəti yoxdur. Çünki Allah Təala belə deyir:
“Allah heç kimə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)
Mənbə: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 2-ci nəşr, İstanbul, 2007, s. 106-108.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.