QURBANIN AYRI-AYRI AİLƏ ÜZVLƏRİ, YAXUD DA ÜMUMİLİKDƏ AİLƏNİN ADINDAN KƏSİLMƏSİ MƏSƏLƏSİ ƏTRAFINDA MÜBAHİSƏLƏR ((Müəllif: Halit Çalış (Türkiyə Respublikası, Selçuk Universiteti İlahiyyat fakültəsi). Bu yazı İslam Hukuku Araştırmaları Dergisi (jurnal), nömrə 3, İyun, 2004, səhifə 211-230-da nəşr edilmiş məqalədən götürülmüşdür.))
Qurban kəsməyin vacib olduğunu bildirən İslam hüququ mütəxəssisləri eyni zamanda belə hesab edirlər ki, qurban ayrı-ayrı fərdlərə aid bir ibadətdir (eyni vacib). Qurban kəsməyin sünnə (müstəhəb) olduğunu irəli sürən bəzi alimlər (Əbu Yusif, v. 182/798 kimi) isə belə fikirdədirlər ki, bu ibadət eyni bir sünnədir. Bundan belə çıxır ki, ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət etmir; mükəlləflik şərtlərinin aid olduğu hər bir kəs qurban kəsməlidir. ((Mərğinani, Əl-Hidayə, IV, 71; Qazızadə Şəmsəddin Əhməd, Nətaicul-əfkar, IX, 510-1.))
Qurban kəsməyin müəkkəd sünnə olması fikrini dəstəkləyən İmam Malikin (v. 179/795) fikrincə isə bir davar – dana və yaxud dəvəni insanın özü və şəri cəhətdən məişət və digər xərclərini (nəfəqə) ((Nəfəqə sözü yemək-içmək, dolanışıq və yaşamaq üçün yer kimi zəruri ehtiyacları ödəməyə çatacaq miqdarda pul və ya əşyaları ifadə edir.)) ödəməli olduğu ailə üzvlərininin adından kəsməyi caizdir. Lakin onun bu fikri adlarından qurban kəsilən ailə üzvlərinin qurbanlıq heyvanın alınmasında iştirakı baxımından deyil, həmin insanın qurbanlıq heyvanı məhz öz adına satın almaqla haqqında danışılan ailə üzvlərini də buna şərik etməsi baxımından, yəni, savab cəhətindən belədir. Başqa sözlə desək, Maliki fəqihlərin fikrinə əsasən qurban kəsən şəxs niyyət etdiyi təqdirdə eyni qurbanın savabına onun özünün baxmalı-dolanışığını təmin etməli olduğu və birlikdə yaşadığı yaxınlarını da “qata bilər” və bu qurban onlar üçün kafi olar. ((İbn Rüşd, Bidayətul-müctehid, I, 351-352.))
İmam Malik bu fikri ilə yanaşı, maddi vəziyyəti yaxşı olan ayrı-ayrı ailə üzvlərinin hər birinin qurban kəsməyini daha münasib hesab edir. ((İmam Malik, Əl-Müdəvvənə, I, 547; Baci, Əl-Murtəqa, Beyrut, 1403/1983, III, 97.))
Şafii və Hənbəli fəqihlər də buna oxşar bir yanaşma ilə qurban ibadətinin qurban kəsən nöqteyi-nəzərindən eyni sünnə, nəfəqələrini təmin etməli olduğu ailə üzvləri baxımından kifai sünnə olması qənaətindədirlər. Bu fikrə əsasən necə ki, fərz (vacib) eyni və kifai olmaqla iki yerə ayrılır, sünnə də eyni və kifai olmaqla iki qismə bölünür. Qurban kəsmək də ailə üzvləri baxımından kifai sünnəyə misal təşkil edən bir ibadətdir. Bu məsələdəki eyni olma imkanı olan hər kəsin qurban kəsməyinin sünnə olduğunu, kifai olma isə ailə üzvlərinin (aralarından) birinin qurban kəsməsi ilə digər ailə üzvlərinin qurbandan necə deyərlər, “azad olduğunu” bildirir; bu, belə olan təqdirdə sünnənin yerinə yetirilmiş olması mənasını da verir. Qurban kimi kəsilən heyvanın davar cinsindən təkcə bir heyvan, dana/inək və ya dəvə olması arasında hər hansı bir fərq yoxdur. Qurbanlıq heyvanın qurbanlıq xüsusiyyətlərinə malik bir heyvan olması kifayət edir. ((Nəvəvi, Ravdatu-t-talibin, II, 466-467; Şirbini, Muğnil-möhtac, Qahirə, 1377/1958, IV, 283; Şövkani, Əs-Seylul-Cərrar, IV, 77-78; Bardakoğlu, “Kurban”, Türkiyə Diyanet Vakfı İslam Ansiklopedisi (İslam Ensiklopediyası, Türk dilində), İstanbul, 2002, XXVI, 438.))
Maddi cəhətdən imkanlı olan hər bir kəsin qurban kəsməsi peyğəmbərə (s. a. v.) tabe olmaq baxımından sünnə olsa da, qurban kəsməli olan bir şəxsin ailədə cəm olmuş insanların (ailə üzvləri) adından qurban kəsməyi bu öhdəliyi digər ailə üzvlərinin üzərindən götürür. Lakin qurban kəsən şəxs qurban ibadətinin savabından digər ailə üzvlərinin də pay alması məqsədilə onların da adından niyyət etməlidir. ((Nəvəvi, Əl-Məcmu, VIII, 383-386.))
Qısacası, Hənəfi fəqihlər belə hesab edirlər ki, mükəlləflik şərtlərini daşıyan, yaxud da daha sadə bir dillə desək, gücü çatan hər bir kəs qurban kəsməlidir. Fəqihlərin əksəriyyətinin fikrincə isə büdcələri eyni olan və eyni yerdə yaşayan ailə üzvlərindən birinin qurban kəsməsi qurban kəsmək öhdəliyini digər ailə üzvlərinin üzərindən götürür.
Əksəriyyət təşkil edən İslam hüququ mütəxəssislərinin mənimsədikləri ikinci fikir həm peyğəmbərin (s. a. v.) şifahi şərhlərinə, həm də həyata keçirdiyi işləri əks etdirən bəzi hədislərə əsaslanır. “Ey insanlar, hər il hər ev əhlinə qurban kəsmək lazımdır”, – buyurmaqla qurbanın ailənin adından kəsilməsini bəyan edən peyğəmbər (s. a. v.) qurban bayramında bir qoç kəsmiş və “Bismillah! Allahım, (bu qurbanı) Muhəmməddən, onun ev əhlindən və Muhəmməd ümmətindən qəbul et” ((Müslim, Ədahi (Qurbanlar), 19.)) – deyə dua etmişdir. Eyni şəkildə mötəbər mənbələrdə bildirilir ki, peyğəmbər (s. a. v.) xalis ağ, kök və buynuzlu iki qoçu birini öz ümmətindən qurban kəsməyənlər, digərini də özü və ailə üzvləri adından qurban kəsmişdir. ((Buxari, Ədahi, 7; Müslim, Ədahi, 18; Əbu Davud, Ədahi, 3, 4; Tirmizi, Ədahi, 2; Nəsai, Dəhaya (Qurbanlar), 14, 28-31; İbn Macə, Ədahi, 1; Darimi, Ədahi, 1. Bu məsələyə dair rəvayətlərin hamısına nəzər yetirmək üçün baxın: Tahavi, Şərhu məanil-aasar, III, 475-7.))
Bundan əlavə Hakimin (v. 405/1014) Əl-Müstədrək əsərində sənəd (istinad, isnad) baxımından səhih (mötəbər) olduğunu bildirdiyi “Rəsulullah (s. a. v.) bütün ailə üzvləri üçün təkcə bir qoç qurban edərdi”, formasında bir rəvayət də var. ((Zeylai, Nəsbu-r-rayə, IV, 210.)) İbn Şihab Əz-Zuhridən (124/742) “Allahın elçisi (s. a. v.) özü və ailə üzvləri adından dəvə və ya inək/dana xaricində heyvan qurban etməyib” ((Muvatta, Dəhaya, 5.)) kimi bir rəvayət gəlsə də, səhihliyi baxımından hər hansı bir mübahisə olmayan bu rəvayətlər İbn Şihabın təsbitini təsdiq etmir.
Digər tərəfdən eyni məzmunlu olmaqla həzrəti peyğəmbərin (s. a. v.) dövründəki qurban kəsmək ibadəti barədə məlumat verən rəvayətlər də vardır. Məsələn, Abdulla ibn Hişam nəql edir: “Anam məni həzrəti peyğəmbərin (s. a. v.) yanına gətirdi (apardı). Allah rəsulu (s. a. v.) mənim başımı tumarladı, mənə dua etdi. Peyğəmbər (s. a. v.) bütün ailəsi adından bircə qoç qurban kəsirdi”. ((Beyhəqi, Əs-Sünənul-kübra, IX, 450. Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 21.))
Müşahidə etmək olur ki, eyni məsələ ilə əlaqədar məlumat verən bəzi başqa əshabələr zaman keçdikcə meydana çıxan anlayış müxtəlifliyinə də işarə vururlar. Belə ki, əshabələr arasında özünəməxsus yeri olan Əbu Eyyub Əl-Ənsari nəql edir: “Biz (həzrəti peyğəmbər (s. a. v.) dövründə) bir qoyun ya da qoç qurban kəsirdik. Adam bu qurbanı özü və ailə üzvləri adından kəsirdi. O qurbanlıqdan yeyir və başqalarına yedirirdilər. Lakin sonralar insanlar (dindarlıq barədə) bir-birilə yarış və rəqabətə başladılar ki, bununla da qurban kəsmək qürur (məğrurluq) əlamətinə çevrildi”. ((Muvatta, Dəhaya, 4, 5; Tirmizi, Ədahi, 10; İbn Macə, Ədahi, 10. Həsən-səhih bir hədisdir. Əhməd və İshaq bu fikirdədirlər. Bəzilərin fikrincə isə xırda buynuz (kiçik baş) heyvan ancaq bir nəfərin adından qurban kəsilə bilər; ki, Abdullah ibn Əl-Mübarək bu qənaətdə olanlardan biridir. Tirmizi, Ədahi, 10. Nəvəvinin qiymətləndirməsinə əsasən bu hədis səhihdir. Əl-Məcmu, VIII, 384.))
Ailə üzvlərindən birinin qurban kəsməyinin kifayət etməsi məsələsi ətrafında zaman keçdikcə formalaşan müxtəlif qəbullardan şikayət edən digər bir əshabə də Huzeyfə ibn Əsiddir. “Əbu Bəkr və Ömərin sünnə kimi qəbul olunmaq qayğısı (belə olacağından ehtiyat etmək) ilə qurban kəsmədiklərini gördüm. Elə oldu ki, qurban məsələsinə dair sünnəni öyrəndikdən sonra ailəm məni çətinliyə (cəfa) saldı. (Elə ki), artıq hamı üçün ayrı bir qurban kəsirəm”. ((Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 18.))
Eyni əsahəbədən nəql olunan başqa bir rəvayətdə belə bir məlumat var ki, Əbu Bəkr və Ömər camaatın da onlara tabe olacağından, yəni, onlar kimi edəcəyindən ehtiyatlanıb ailələrinin adından qurban kəsməyiblər. Halbuki, indi ailəsinin onun bu məsələdə çətinliyə saldığına dair məlumat var. ((Təbərani Əl-Mucəmul-kəbirdə rəvayət edib. Sənəddə adı olan ravilər Buxari, ya da Müslimin kitablarındakı hədislərin sənədlərində olan ravilərdir. Heysəmi, Məcməu-z-zəvaid, Beyrut, 1967, IV, 18.))
Çox maraqlıdır ki, Huzeyfə ibn Əsid ailə üzvləri adından bircə qurbanın kifayət etməsi formasındakı peyğəmbər (s. a. v.) dövrü adətindən vaz keçilib hər bir kəs üçün ayrı-ayrı qurban kəsmək istiqamətində bir meyldən şikayət etdiyi halda, Əbu Sərihə heç qurban kəsməmək tərəfə göstərilən təmayüldən şikayət edir: “Ailəm həzrəti peyğəmbər (s. a. v.) dövründə qurban kəsmək ibadətinin necə yerinə yetirildiyini (sünnəni) öyrənib biləndən sonra bu mövzuda məni çətinliyə (cəfa) saldı. Peyğəmbərin (s. a. v.) dövründə bütün ailə üzvlərinin adından bir, uzağı iki qurban kəsilirdi. İndi isə qonşularımız: “O, qurban kəsməli deyil”, – deyib bizi xəsisləşdirdilər”. ((İbn Macə, Ədahi, 10; Beyhəqi, Əs-Sünənul-kübra, IX, 450; Şövkani, Neylul-əvtar, V, 157; Busiri Əz-Zəvaiddə deyir ki, sənəd baxımından səhih hədisdir. Raviləri də etibarlıdırlar.))
Lakin bu rəvayət və şikayətlərin oxşar cəhəti peyğəmbərin (s. a. v.) şəxsən özünün əməli və onun dövründəki adət ailə üzvləri adından bir qurban kəsmək olduğu halda, sonralar bu məsələdə müxtəlif tutumların meydana gəlməsi məsələsidir.
Bütün bunlar nəfəqə sahəsinə daxil olan və birlikdə yaşayan ailə üzvləri adından bir qurban kəsməyin kifayət edəcəyinə dair hər hansı bir tərəddüdə yer buraxmır. Bundan əlavə, bu mövzuyla əlaqədar rəvayətlər ümumilikdə götürüldükdə başa düşmək olur ki, əshabələr də peyğəmbərin (s. a. v.) dövründə qurban kəsmək ibadətini elə bu cür yerinə yetiriblər; peyğəmbər (s. a. v.) isə öz növbəsində bundan xəbərdar olub və xəbərdar olmasına baxmayaraq buna qarşı hər hansı mənfi bir reaksiya verməyib. Fəqih-alimlər arasında xırda buynuz bir heyvanın neçə nəfərin adından qurban kəsiləcəyinə dair bəzi fikir ayrılıqları olsa da, ((Tahavi, Şərhu-məanil-aasar, III, 477; Şövkani, Neylul-əvtar, V, 157.)) bu rəvayətlər xırda buynuz heyvanın bir ailədəki üzvlərin hamısı adından kifayət etdiyini açıq-aydın və qəti surətdə bildirir. Bu məsələdəki “nəfəqə sahəsinə daxil olan ailə üzvlərinin birinin hamısının adından qurban kəsməyi qurban öhdəliyinin digərlərindən götürülməsi mənasında deyil, qurbanın savabından onlara da bağışlamaq, yəni, savabda şəriklik etməkdir”, – kimi şərh və izahlar ((Kasani, Əl-Bədai, V, 70.)) rəvayətlərin əslində bu cür şərhlərə imkan yaratmayacaq qədər açıq-aydın olması baxımından, nəsx və ya təxsis iddiası ((Tahavi, yenə orada.)) isə dəlildən məhrum olması baxımından mücərrəd bir iddiadan başqa bir şey deyil. Rəvayətlərdəki həmin açıq-aydınlığın qarşısında, başqa sözlə, hədy qurbanının bir nəfər üçün kəsilməsinin mümkünlüyünə əsaslanaraq udhiyyə qurbanı haqqında da qiyas (müqayisə) yolu ilə eyni hökmün qüvvədə olmasının lazımlığı iddiasına ((İbn Rüşd qurbanın ayrı-ayrı fərdlər, yaxud da ailənin adından kəsilməsi məsələsində mövcud olan fikir ayrılıqlarının səbəbini belə izah edir. Bidayətul-müctehid, I, 352. Əlavə olaraq baxın: Azimabadi, Əvnul-məbud, təhqiq edən Abdurrahman Muhəmməd Osman, Beyrut, 1979, VIII, 6; Şövkani, Neylul-əvtar, V, 157.)) rəvayət baxımından səhih, hökmə dəlalət etməsi baxımından da açıq-aydın rəvayətlər qarşısında etibar edilmir (fasidul-etibar). ((Azimabadi, Əvnul-məbud, VIII, 6; Şövkani, yenə orada.))
Axırıncı bir məsələ kimi qeyd edilməlidir ki, qurban kəsmək ibadətinin səbəbi vaxtdır. Bu da öz növbəsində bayram günləridir (əyyamu-n-nəhr). ((Qazızadə Şəmsəddin Əhməd, Nətaicul-əfkar, IX, 506.)) Beləliklə, səbəb təkrar olunduqca qurban kəsməyin hökmü də təkrar olunur. Yəni, mükəlləflik şərtlərini özündə daşıyan, başqa sözlə, qurban kəsməli olan bir müsəlman özü və nəfəqə sahəsinə daxil olan ailə üzvləri adından ömür boyu qurban bayramını gördükcə qurban kəsir. Metodologiyada əmrin təkrara dəlalət etməsinə dair mübahisələr bir yana qalsın, “Ey insanlar, hər il ev əhlinə qurban kəsmək lazımdır” ((Əbu Davud, Ədahi, 1; Tirmizi, Ədahi, 18; İbn Macə, Ədahi, 2.)) hədisi bu hökmün açıq-aşkar dəlilidir.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.