Sual: Mən səhv etmirəmsə, həcərul-əsvədə (qara daş) göstərilən hörmət və təzimin İslam dininin başqa heç bir sahəsində oxşarı yoxdur. (Bir daşa göstərilən ehtiram baxımından) İslamın bütləri və şirki (Allaha şərik qoşmaq) rədd etməyi də açıq-aydın olduğu halda bu təzim və hörməti sırf sünnə (müstəhəb əməl) olduğu üçün göstərmək nə dərəcədə doğrudur? Daha doğrusu, həcərul-əsvədə göstərilən ehtiram həqiqətən də, peyğəmbərimizdən qalıb?
Cavab: Həcərul-əsvədə verilən qiymətin bütlərlə bir əlaqəsi yoxdur. Bütpərəstlər bütlərini Allahla öz aralarında vasitəçi tutur, bütlərin onları Allaha daha çox yaxınlaşdıracağına və şəfaət edəcəklərinə inanırdılar. Amma həcərul-əsvədə belə bir xüsusiyyət şamil edilmir. Həmin daş sadəcə olaraq təvafın başlanğıcını göstərir. Bizim onu öpməyimiz peyğəmbərimizin də öpməyindən ötrüdür. Başqa sözlə desək, biz o daşı ona görə öpürük ki, onu peyğəmbərimiz də öpüb. Xəlifə Ömərin həcərul-əsvəd haqqında dediyi bu söz məşhurdur:
“Bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də zərərin var. Mən rəsulullahı səni öpərkən görməsəydim, səni əsla öpməzdim”. ((Buxari, Həcc, 50, 57, 60; Müslim, Həcc, 248, 120; Muvatta, Həcc, 36 (1367).))
Hənzələ deyib: “Tavus (tabeindən Tavus ibn Keysan) mərhumu (təvaf edərkən) gördüm. Rüknə gəldikdə, (həcərul-əsvəd) onun ətrafında izdiham olduğunu görsə, keçib gedirdi. Boş və münasib görsə, üç dəfə öpürdü. Xəlifə Ömər: “Mən rəsulullahı belə edərkən gördüm”, – demişdir”. ((Nəsai, Həcc, 148.))
Peyğəmbərimiz (s. a. v.) xəlifə Ömərə belə demişdir:
“Ey Əbu Həfs, səndə çox güc-qüvvə var, zəifə əziyyət vermə. Küncü boş görsən, yanaşıb öp, əgər (boş) deyilsə, təkbir gətirib keç”. ((Əhməd ibn Hənbəl, 1/23.))
İndiki dövrdə həccə gedənlərin bir hissəsi həcərul-əsvədi öpməyi təvafın sünnəsi (müstəhəb) kimi yox, özləri üçün ən vacib ibadət kimi qəbul edirlər. Elə səhv olan da budur. Bu məsələdə insanları maarifləndirmək lazımdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.