Sual: Nişanlılar haram iş görmədən birlikdə danışmaq və gəzmək məqsədilə dini kəbin kəsdirirlər. Bu kəbin bizim dini ölçülərimizə əsasən etibarlıdır? Nişanla birlikdə kəsilən bu cür bir dini kəbin nişanlıların cinsi istək və hərəkətlərinə haqq qazandırırmı? Ümumiyyətlə, nişanlılar öz aralarında kəbin kəsə bilərlər?
Cavab: Nişanlıların arasında kəsilən kəbin həqiqi bir kəbindir. Bu kəbinin kəsilməsindən etibarən nişanlılıq müddəti başa çatır və evlilik dövrü başlayır.
Ancaq qaçaqaçın qarşısının alınması və nişanlıların günah iş görmədən bir-biri ilə söhbət edib gəzməyi üçün kəsilən başqa bir kəbin növü yoxdur. Bundan söhbət gedə bilməz. Cəmi bir kəbin var və o kəbin kəsilən kimi evlilik dövrü başlayır. Qız və oğlan bir-biri ilə artıq nişanlı deyil, evli olurlar.
Bu kəbindən sonra kişi arvadını öz evinə apara bilər; onun belə bir hüququ var. Qadın ərinin evinə getməmək üçün ancaq və ancaq mehri-müəccəlinin (nəğd olaraq verilməsi şərt kəsilən mehrin) hələ də ödənməməsini səbəb göstərə bilər. Bundan başqa heç bir şey irəli sürülə bilməz. Cehizin hələ hazır olmaması, nişan və yaxud toy mərasiminin keçirilməməsi maneə kimi göstərilə bilməz. Əgər toy ediləcəksə, dərhal edilməli və ər arvadını öz evinə aparmalıdır.
Mehr bilindiyi kimi, kişinin arvadına verməli olduğu bir maldır. Tərəflərin razılığına, yaxud da adət-ənənəyə əsasən mehrin bir qismi nəğd, bir hissəsi isə sonra verilə bilər. Mehrin hamısının ya bəri başdan, yəni nəğd ya da sonra verilməsini şərt kəsmək də olar. Əgər kəbin kəsilən vaxt mehrin hamısının, yaxud bir hissəsinin nəğd verilməsi şərt qoyulubsa, qadın ərinə təslim olmaq üçün bu şərtin yerinə yetirilməsini tələb edə bilər. Bu şərt də yerinə yetirildikdən sonra qadın ərindən başqa bir şey tələb edə bilməz. Artıq qadının atası, qardaşları və ya hər hansı bir ailə üzvünün başqa bir şərt qoymağa ixtiyarı yoxdur.
Toyun gecikdirilməsi adətən tərəflər arasında narazılığa səbəb olur. Əslində buna qız və oğlan deyil, kəbin kəsiləndən sonra heç bir səlahiyyəti qalmayan qız və oğlan tərəfləri səbəb olur. Onlar belə etməklə günah iş görürlər.
Ərinin evinə getmək istəməyən bir qadın atasının, yaxud da özünün evində ərinə təslim olmalıdır. Əgər bundan imtina etsə, naşizə olur, yəni, istəksiz davranır və öz ərinə itaət etmir.
Əgər kişi arvadını öz evinə aparmaq istəmirsə, onun nəfəqəsini mütləq verməli, başqa sözlə, qadının bütün məişət xərclərini (yemək-içmək, qalmaq üçün yer, nəqliyyat, lazım olduğu vaxt səhiyyə xərcləri və sairə kimi) ödəməlidir. Əgər kəbin kəsilibsə, toy edilib-edilməməsinin buna dəxli yoxdur. Çünki kəbinlə toy birlikdə olur. Kəbindən sonra evlilik ləğv edilərsə, artıq bu məsələdə boşanma ilə əlaqədar hökmlər qüvvəyə minir.
Nişanlılıq məsələsinddə adətən böyük səhvlərə yol verilir. Nişan gələcəkdə evlənmək üçün verilən sözdən və həyata keçirilən bəzi mərasimlərdən ibarətdir. Tərəflər bu müddət ərzində bir-birini yaxşı-yaxşı tanımaq imkanı əldə edirlər. Onlar bir-birləri haqqında qəti bir qənaətə gəldikdən sonra dərhal kəbin kəsdirib toy etməlidirlər. Kəbin kəsdirmək evliliyin faktiki olaraq həyata keçirilməsi deməkdir. Kəbin kəsildikdən sonra evliliklə əlaqədar olan bütün haqq və məsuliyyətlər başlayır. Beləliklə, tərəflərin bir-birini nişanlı hesab etmələri qeyri-mümkündür. Elə isə bu məsələdə çox diqqətli olmaq, kəbini toy əsnasında kəsdirmək və toyu əsla gecikdirməmək lazımdır. ((Ömər Nəsuhi Bilmən, Hüquqi İslamiyyə və İstilahati Fiqhiyyə Külliyatı, İstanbul, 1985, 2-ci cild, s. 12, 14, 477, 480.))
Mərhum müəllimimiz Ömər Nəsuhi Bilmənin bildirdiyinə görə Maliki və Şafi məzhəbləri aşağıda göstərilən şəkildə kəsilən kəbini qeyri-səhih, yəni, düzgün olmayan kəbin hesab edirlər:
Sadəcə olaraq qaçaqaçın qabağını almaq məqsədilə, yəni, kişinin arvadını öz evinə apara bilməməsi və onunla cinsi əlaqəyə girməməsi kimi şərtlərlə kəsilən kəbin. Maliki məzhəbinin bu məsələ ilə əlaqədar fikrinə əsasən bu cür bir kəbin tərəflər birləşməmiş ləğv edilməlidir. Şafi məzhəbinin rəyi isə belədir: Əgər belə bir şərti qız tərəfi qoyubsa, kəbin batil olur, yəni, etibarsız sayılır. ((Eyni əsər, s. 39-40.))
Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.