Sual: Müsəlman olmayan bir müəllimə: “Siz yaxşı müəllimsiniz”, - demək günahdır?
Belə demək olar. Günah deyil. Muhəmməd peyğəmbərdən belə bir hədis nəql edilir:
“Ərəblərin ən yaxşıları Cahiliyyə dövründə yaxşı olduqları kimi, İslam dövründə də yaxşı olanlarıdır”. ((Buxari, Ənbiya, 8, 14, 19, Mənaqib, 1, 25, Təfsir, Yusuf, 1; Müslim, Fəzail, 168 (2378); Əhməd ibn Hənbəl, Müsnəd, 2/257, 260, 391.))
Buna görə də Allah əhli-kitab (kitab verilənlər) olan yəhudi və xristianlardan bəhs etdikdən sonra: “Hər kəsin bir hədəfi var. O, ona üz tutur. Siz yaxşı işlərdə yarışın. Harada olursunuzsa, olun, Allah sizi bir yerə cəm edəcək. Allah gücü hər şeyə yetəndir!”, ((Bəqərə, 2/148)) – deyə, buyurmuşdur. Beləliklə, Allah müsəlmanlara onlarla yaxşı olan hər işdə yarışmağı əmr edib.
Əlavə olaraq, Yusuf peyğəmbər hələ müsəlman olmayan ağasından söz açdığı vaxt: “O, mənim ağamdır, mənə yaxşı baxmışdır” ((Yusuf, 12/23)) , – deyərək onu təqdir etmişdir.
Bütün bunlar göstərir ki, müsəlman olmasalar da, işlərini yaxşı görən insanlar müsəlmanlar tərəfindən təqdir edilə bilər. Bunun hər hansı bir eybi olmaz. Günah filan deyil.