Sual: Bir gəlin qayınana və qayınatasına baxmağa və onların qeydinə qalmağa məcburdur? Dində bu barədə nə deyilir?
Cavab: Bir övlad ata-anasını ziyarət etməli, onlara tez-tez baş çəkib ehtiyaclarının olub olmadığını soruşmalı, problemlərini həll etməli və beləcə, ürəklərini sevindirməlidir. Bu, onun övladlıq borcudur. Allah belə buyurur:
“Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: “Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!
Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”. (İsra, 17/23-24)
Lakin bir gəlin qayınana və qayınatasına baxmaq məcburiyyətində deyil. Dində belə bir şeyi əmr edən hər hansı bir ayə və ya hədis yoxdur. Amma qadının əri qarşısındakı vəzifələrindən biri də onunla yaxşı davranmaqdır. Belə ki, ərinin ata-anası və qohumları ilə yaxşı rəftar etməyən qadın əslində öz ərinə qarşı da pis davranır.
Əlavə olaraq böyüklərə hörmət etmək və onlarla yaxşı rəftar etmək İslam dini tərəfindən tövsiyə edilən yaxşı davranışlardan biridir. Peyğəmbərimiz (s. a. v.) belə demişdir:
“Balacalarımıza mərhəmət etməyən, böyüklərimizə də hörmət etməyən bizdən deyil” (Tirmizi, Birr, 15; Əbu Davud, Ədəb, 58; Müsnəd, 1/257).
Abdulla ibn Amrdan rəvayət edildiyinə görə peyğəmbərimiz demişdir:
“Mərhəmətli olanlara Rəhman (Allah) da mərhəmət edər. Elə isə siz yerdə olanlara mərhəmət edin ki, göydə olan(lar) da sizə mərhəmət etsin” (Əbu Davud, Ədəb, 58).
Gəlinlər öz anaları və özlərini də düşünməlidirlər. Eyni vəziyyətdə onlar olsaydı, özlərinə qarşı necə davranılmağını istəsələr, onların da qayınanalarına qarşı elə davranmaqları lazımdır.
Bu baxımdan müsəlman xanımların himayəyə möhtac olan qayınata və qayınanalarına baxmağı və onların ehtiyacları ilə maraqlanmağı İslam dini tərəfindən məqbul bir iş hesab olunur. Bunun savabı da böyükdür. Amma əvvəl də qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar hər hansı bir əmr yoxdur. Ata-anasına baxmalı olan insanlar onların övladlarıdır. Bu məsələdə kişilər arvadlarına təzyiq göstərməməlidirlər. Əksinə, öz valideynlərinin ehtiyaclarını şəxsən özləri ödəməli, bu məsələdə fədakar olan xanımlarını da təqdir etməli, onların qiymətini bilməlidirlər.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.