Müsəlmanlar
İnsan cəsədi və avtopsiya

İnsan cəsədi və avtopsiya

İNSAN CƏSƏDİ VƏ AVTOPSİYA ((Bu yazı ilahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır tərəfindən 2-6 Oktyabr 2001-ci ildə İstanbul şəhərində IX Congress of European Society for the Study and Prevention of infant Death Espid Prenatal Health Care and Postnatal Development adı ilə keçirilən elmi yığıncaqda edilmiş məruzədən götürülmüşdür.))

Avtopsiya ölüm səbəbini müəyyənləşdirmək üçün bir cəsədi götürüb tədqiq etmək deməkdir. Ölüm səbəbinin müəyyən edilməsi çox vaxt ehtiyac halını alır. Bir insanın meyitinin boş-boşuna tədqiq edilməsi isə insanı təhqir etməkdir. Lakin avtopsiya aparmağa ehtiyac yarandığı vaxt belə bir tədqiqat dini baxımdan da caiz (düzgün) olur.

Qurani-Kərimdə buna bir misal var. Belə ki, Bəqərə surəsində qatili müəyyənləşdirmək üçün ölünün qəbirdən çıxardılmasından danışılır. Allah Təala həzrəti Musa dövründə yaşayan İsrail oğulları ilə əlaqədar belə buyurur:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”. ((Bəqərə, 2/72-73. Qeyd: Ayələrin əvvəli belədir:

67. Bir gün Musa qövmünə dedi: “Allah sizə əmr edir ki, bir inək kəsəsiniz”. Onlar: “Sən bizi lağa qoymusan?”, – dedilər. Musa: “Elə bir cahillik etməkdən Allaha sığınıram”, – deyə cavab verdi.

68. Onlar: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə izah etsin”, – dedilər. Dedi: “Nə qart (çox qoca), nə körpə olsun. İkisinin arasında bir şey olsun. Sizə verilən əmri yerinə yetirin!”.

69. Dedilər ki, Rəbbindən bizim üçün bir soruş, onun rəngini də bizə bildirsin. Dedi ki, o, görənlərə xoş gələn sapsarı bir inəkdir.

70. Dedilər: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə yaxşı-yaxşı izah etsin. Çünki inək inəyə oxşayır axı. Allah istəsə, biz hədəfə çatarıq (bu məsələdə deyiləni yerinə yetirərik)”.

71. Dedi ki, o nə torpaq sürüb əldən düşmüş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuz və heç qaşqası da olmayan bir heyvandır. Onlar: “Yaxşı, indi işi həqiqətə gətirib çıxartdın (indi artıq bizi başa saldın)”, – dedilər və nəhayət, onu kəsdilər. Amma az qala kəsməyəcəklərdi.))

Bu əhvalatda qatil meyitin qəbirdən çıxardılması nəticəsində müəyyən edilib. Bu hadisə Həzrəti Musanın dövründə bir möcüzə kimi baş verib. Bu hadisənin bizi maraqlandıran cəhəti cəsədin qatilin müəyyən edilməsi məqsədi ilə qəbirdən çıxardılmağıdır.

Burada meyit qəbirdən çıxanda ona can verilib. Ardından da: “Allah ölüləri bax belə dirildir” ifadəsi gəlir. Bu ifadə də bizim mövzumuzla əlaqədardır. Belə ki, bu, Qurani-Kərimin insan cəsədinə münasibətini göstərir. Cəsəd ruhun yuvasıdır. O, ruhu daşıya bildiyi müddət qədər canlı olur. Bunu düzgün başa düşmək üçün lazımi ayələrə nəzər salmaq  yaxşı olar.

İNSAN PALÇIQDAN (TİN: SULANMIŞ TORPAQ) YARADILMIŞDIR

Allah Təala buyurur:

“Yaratdığı hər şeyi gözəl yaradan Odur. O, insanı yaratmağa palçıqdan (tin) başladı.

Sonra onun nəslini süzülmüş bir özdən, dəyərsiz bir sudan əmələ gətirdi.

Sonra onu nizamlı bir formaya saldı və ona öz ruhundan üfürdü. O, sizə qulaq, göz və ürək verdi. Siz nə qədər az şükr edirsiniz”. ((Səcdə, 32/7-9.))

Palçıq kimi tərcümə edilən tin sözü Ərəb dilində su ilə torpağın qarışmış halı mənasını verir. ((Rağib Əl-İsfahani, Müfrədatu əlfazil-Quran (Səfvan Adnan Davudinin tənqid və təhqiqi ilə), Dəməşq/Beyrut, h. 1412/m. 1992-ci il, tyn bəndi.)) Əgər su torpağa qarışmasa, bitki də bitməz. Bizim bütün qidalarımız bu cür əmələ gəlir. Biz o qida məhsullarını ya birbaşa, ya da bir heyvanın bədənində ət, süd və yağa çevrildikdən sonra yeyirik. Beləliklə, təkcə Həzrəti Adəmin deyil, bütün insanların bədəni torpaqdan yaradılıb və müntəzəm olaraq torpaqdan qidalanır. Bu qidalardan süzülən bir özək sperm və yumurtanı əmələ gətirir.

Bədəndən kənar edilən hüceyrələr və digər şeylər isə torpağa çevrilir. Bizim torpaqla daimi bir əlaqəmiz var. Ondan alıb, ona veririk.

İNSAN RUHU

Bədən ana bətnində müəyyən bir səviyyəyə çatdıqdan sonra Allah ona ruh üfürür. Bu ruh digər canlılarda yoxdur. Bədən digər canlılar kimi yemək-içmək və əylənmək istədiyi halda, ruh daha çox şey tələb edir. Onu bu dünyada doydurmaq qeyri-mümkündür.

Ruh problemsiz bir həyat istəyir; o həyat bu dünyada yoxdur.

Ruh ölümsüzlük, başqa sözlə, ölməzlik axtarır. Bu dünyada hər şey ölümlüdür.

Ruh sonsuz gözəllik istəyir; onu bu dünyada tapmaq qeyri-mümkündür.

Ruh sonsuz bir zənginlik axtarır amma bu dünyanın sərhədləri məlumdur. İstədiyimiz hər şeyi də əldə edə bilmirik.

Bu dünya heç bir insanı doydurmur. Xoşbəxt olanlar əllərində olanlara qane olmağı bacaranlardır. Ruhu doydura bilən şeylər ancaq Cənnətdədir.

Bəşəriyyətin atası Adəm, anası isə Həvvadır. Onlar Cənnətdən gəliblər. Buna görə də Cənnət insanın ana vətənidir. İnsan həmişə Cənnət həsrəti ilə yaşayır.

ÖLÜM VƏ YUXU

Ölüm bir yuxu, qəbir yatmaq yeri, öldükdən sonra dirilmək də yuxudan oyanmaqdır. Qurandakı ayələrdən biri belədir:

“Gecə sizi öldürən və gündüz nə etdiklərinizi bilən Odur. O sonra müəyyən bir müddət başa çatana qədər gündüz sizi oyandırır”. ((Ənam, 6/70.))

Ruh bədəni bir ev kimi istifadə edir. Bədən ana bətnində düzgün bir formaya düşdükdən sonra ruh ona üfürülür. Bədən yatdığı vaxt ruh çıxıb gedir. Oyanmaq əsnasında yenə gəlir. Ölən bədən uçmuş ev kimidir. O ev təzədən tikilənə qədər ruh oraya gəlməz. Təzə tikili uçmayan, köhnəlməyən və dağılmayan formada tikilir. Bu, insanın axirətdə yenidən dirilişidir. Ruh o vaxt yenidən girəcəyi bu bədəndən bir daha çıxmır. Aşağıdakı ayə bundan bəhs edir:

“Allah ölüm əsnasında ruhları alır, ölməyəninkini də yuxuda alır. O, ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxta qədər azad buraxır”. ((Zumər, 39/42.))

OYANMA VƏ QİYAMƏT

Qiyamət qalxış deməkdir. Öldükdən sonra dirilmək yataqdan qalxmağa, Surun çalınması isə qalx! borusunun çalınmağına oxşayır. Allah belə buyurur:

“Onlar Sur çalınan kimi qəbirlərindən qalxıb qaça-qaça Rəbblərinə tərəf gedərlər.

Onlar deyəcəklər: “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim oyandırdı”? ((Yasin, 36/51-52.))

YUXUDA VƏ ÖLÜMDƏ ZAMAN MƏFHUMU

Yatan insan yuxuda keçən vaxtı bilə bilməz. Ölü də belədir. Qurani-Kərimdə biri ölü, digəri yatan şəxslə əlaqədar iki misal var. Əshabi-Kəhf mağarada 309 il qalıb. ((Kəhf, 18/25.))

Quranda deyilir:

“Onları bir-birlərindən soruşsunlar deyə oyandırdıq. Aralarından bir nəfər: “Siz burada nə qədər qaldınız?”, – deyə soruşdu. Onlar: “Bir gün, bəlkə də daha az qaldıq”, – dedilər”. ((Kəhf, 18/19.))

Ölümlə əlaqədar ayə belədir:

“Buna da baxmırsanmı? ((Bu ayə bundan əvvəlki ayənin əvvəlindəki görmədinmi? ifadəsi ilə əlaqədar olduğuna görə tərcüməyə buna da baxmırsanmı? ifadəsini əlavə etdik.)) O, tavanları çökmüş, divarları uçub dağılmış bir kənddən keçəndə: “Allah buranı ölümündən sonra necə dirildəcək?”, – dedi. Belə olduqda, Allah onu 100 il ölü halında saxladı. Sonra oyandırdı və: “Sən nə qədər belə qaldın?”, – deyə soruşdu. O: “Bir gün, bəlkə də bir gündən də az qaldım”, – dedi. Allah buyurdu: “Xeyr, sən düz 100 il qaldın. İndi yemək-içməyinə bax. Onlar hələ heç xarab olmayıblar. Bir də öz uzunqulağına bax. Biz səni insanlara görk (ibrət) olmağın üçün belə etdik. Sümüklərə bax, gör onları necə birləşdirəcək və sonra onlara ət geyindirəcəyik”. Bütün bunlar o kimsəyə yaxşıca aydın olduqdan sonra belə dedi: “Mən artıq başa düşdüm ki, Allah həqiqətən də, hər şeyə qadirdir!”. ((Bəqərə, 2/259.))

100 il ölü qalanla 309 il yuxuda olanlar orada bir gün və ya bir gündən də az qaldıqlarını zənn edirlər.

YATANIN VƏ ÖLÜNÜN BƏDƏNİ

Yatan adam öz bədənindən necə xəbərsizdirsə, ölü də elədir. Yatan insanın bədəni diri olduğuna görə ruhu bədəni oyandığı vaxt gəlib yenidən ona daxil olur. Ölənin ruhu isə bədənə geri qayıtmır; müəyyən bir yerdə saxlanılır. O ruh bədənin yenidən yaradılmağını gözləyir.

Axirətdə yeni bədənə gələn ruh özünü sanki yuxudan oyanıbmış kimi hesab edir və belə soruşur: “Bizi yatdığımız yerdən kim qaldırdı (oyandırdı)?” ((Yasin, 36/51-52.))

Bədən torpaqda çürümüş, sonra bir də yaradılmışdır. Lakin ruh bunun fərqində deyil. Ona elə gəlir ki, yatıb durub. Aradan keçən vaxtın fərqində deyil.

ÖLÜM VƏ YUXU BİR ZƏRURƏTDİR

Yatan da, ölən də bədəndir. Ruh nə ölür, nə də yatır. İnsan ruhla bədənin vəhdətidir, başqa sözlə, ruh və bədənin birləşməsindən ibarətdir.

Yatmaq həyatda bir fasilə deyil; davamlılıq daxilində zəruri bir istirahətdir. Ölüm də fasilə deyil. Ölüm xarab olmayan, qocalmayan və xəstələnməyən ölməz bir bədənə qovuşmaq, başqa sözlə, axirət həyatına uyğun hala gəlmək üçün lazım olan bir dövrdür. İnsana elə gəlir ki, bu, göz qırpıb açana qədər baş verir. Allah Təala belə buyurur:

Qiyamət qopması ancaq bir göz qırpımı qədər, bəlkə, ondan da az çəkər. Çünki Allah hər şeyə qadirdir”. ((Nəhl, 16/77.))

ÖLƏN BƏDƏN TORPAĞA ÇEVRİLİR

Allah Təala belə buyurur:

“Biz sizi torpaqdan yaratdıq və torpağa da qaytaracağıq. Sizi ondan bir dəfə də çıxardacağıq”. ((Taha, 20/55.))

ÖLÜNÜ BASDIRMAĞIN SƏBƏBİ

Meyit onu (yerdən) göz qabağından götürmək, yırtıcı heyvanların və yaxud selin ortaya çıxartmağının və iyinin ətrafa yayılmağının qarşısını almaq məqsədilə dəfn edilir. ((Məhəmməd ibn Əbi Səhl Əs-Səraxsi, Əl-Məbsut, Beyrut, 1406, IX cild, s. 160; İbn Həcər Əl-Heytəmi, Tuhfətul-muhtac bi şərhil-minhac, İstanbul, III cild, s. 167, fəsl fid-dəfn və ğeyrih.))

AXİRƏT DÜNYA HƏYATININ DAVAMIDIR

Bu məsələnin hələ əvvəlində aşağıdakı iki Quran ayəsinə nəzər salmışdıq:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki, Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”. ((Bəqərə, 2/72-73.))

Ayələrdən belə məlum olur ki, təzə öldürülmüş bir bədən hələ çürüməyib. Allah Təala onun xarab olan orqanlarını öz qüdrəti ilə düzəldərək o bədənin daxilinə göndərib. Ölülərin dirildilməsi də məhz belə olacaq. Başqa sözlə, bədən o ruhun qala biləcəyi bir vəziyyətə gəldiyi vaxt ruh öz evinə geri qaytarılacaq.

Ayədə göstərilir ki, ölünün dirilməsi ona o buzovun bir hissəsi ilə vurmaq vasitəsilə baş tutub. Yatan şəxsə də bir şeylə vurulduğu vaxt oyanır. Çünki ölünün dirilməyi yatanın oyanmağı kimidir.

Həzrəti Məhəmməd (s. a. v.) bu sözü ilə yenidən dirilməyin də dünya həyatının davamı kimi olacağını bildirib:

Hər bəndə, nə üzrə ölübsə, o şəkildə dirildilir. ((Müslim, Cənnət, 19, 83 (2878) nömrəli hədis.))

Vida həcci vaxtı bir nəfər miniyindən yıxılmış və boynu qırılmışdı. Həzrəti peyğəmbər (s. a. v.) dedi ki, onu su və sidr ilə yuyun, sonra 2 parça bezlə kəfənləyin. Ona ətir vurmayın, başını da açıq saxlayın. Çünki o, Qiyamət günü təlbiyə ((Təlbiyə həcc və yaxud umrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.)) edən vəziyyətdə oyandırılacaqdır. ((Buxari, Cənaiz, 20.))

Bu hədis həqiqətən də, düşündürücüdür. Burada o şəxsin ölümü ehramlı bir hacının yatmağı kimi qəbul edilib. Məlum olduğu kimi, ehrama girən ((Ehrama girmək həcc və umrə üçün niyyət edib təlbiyə gətirdikdən sonra bu ibadətlərlə əlaqədar qadağaların başlaması deməkdir. Kişilərin ehramlı olduqları müddət ərzində başlarını örtməkləri qadağandır.)) bir şəxs özünə ətir vurmur və yatanda başını örtmür. Yuxudan oyananda isə təlbiyə gətirir.

NƏTİCƏ

Göründüyü kimi ölən bədən torpaq olacaq. Ona hörmət etmək özümüzə hörmət etməkdir. Yenidən dirilmə yeni bir bədən daxilində baş verəcək. Meyitin tədqiq edilməsi ehtiyac halına gəlsə, onu tədqiq etməyin eybi yoxdur. Çünki belə olan halda, meyitə bir hörmətsizlik göstərilmir. Bunu qadağan edən bir ayə və ya hədis də yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.