Dini kimdən və necə öyrənəcəyik?
Allahın dinini əlbəttə Allahın kitabından yəni Qurandan öyrənəcəyik. Bizə və bizdən sonra qiyamətə qədər sağlam qalan tək mənbə Allahın kitabıdır. Bu səbəblə digər mənbələrə baxaraq, imanımızı və əməllərimizi həyatımızı və gələcəyimizi istiqamətləndirə bilmərik. Əksi təqdirdə həyatımızı və gələcəyimizi təhlükəyə atar, şübhə altına almış olarıq.
Təəssüf ki, yer üzündə insanların əksəriyyəti dinlərini Allahın təqdim etdiyi kitabdan öyrənməzlər və “din Qurandan öyrənilməz!” deyərlər. Onlara görə Quran, mücməl/qapalı bir kitabdır və onu ancaq alimlər başa düşər. Onun üçün də dinini öyrənmək istəyən Qurandan yox, gəlib bizdən, məzhəbimizdən öyrənməlidir, dedilər. Beləcə, Allahın dinində tək səlahiyyətli olan Rəbbimiz olmadığını, o cümlədən peyğəmbər əleyhissəlam, səhabə və bir çox din xadimlərini də səlahiyyətli gördülər və nəticədə dini Allahdan alıp şəxslərə verdilər. Yer üzündə təhrif olunmuş bütün dinlərin aqibəti, hal-hazırkı halı budur.
Artıq əsrlərdir ki insanlar, dinlərini öyrənmək üçün öz din xadimlərinə, məzhəblərinə müraciət edir və onların təqdim etdiklərinə Allahın dini kimi baxırlar. Buna görə həmişə deyirik ki; Allahın dini qarşısında ən böyük əngəllər din düşmənləri və ateistlər deyil, məhz həmin dinin din xadimləridir. Quranı açıqlayanın Allah olduğu, dində hökm sahibinin yalnız Allah olduğu həqiqəti bu kimi din xadimləri tərəfindən gözardı edildi. Bu səbəblə Quranı açıqlamaq adına yüzlərlə təfsir yazıldı fətvalar verildi. Halbuki Allah kitabında belə buyurmaqdadır:
الَر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ
Əlif, Lam, Ra! (Bu Quran) Allah tərəfindən ayələri hökmə bağlanmış və sonra da təfərrüatlı izah edilmiş bir kitabdır…”
أَلاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ
“Allahdan başqasına qulluq etməyəsiniz deyə. Mən də Onun tərəfindən sizə göndərilmiş bir xəbərçi və müjdələyənəm.” (Hud 1-2)
Dində hökm, səlahiyyət sahibi tək Allah olmadığını ortaya qoymağa çalışanlar və buna inananlar əsasən bu ayəni dəlil gətirirlər: وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
“Özlərinə nazil olanın nə olduğunu o insanlara açıqlayasan deyə o Zikri sənə də nazil etdik. Bəlkə düşünərlər.” (Nahl 44)
Halbuki ayə, təfsir və təfsil etməkdən deyil, təbyin etməkdən bəhs edər. Təbyin nədir? Təbyin, bir şeyi gizləməyin (kətmin) ziddidir. Təbyin təkcə peyğəmbərin deyil, hər inanan insanın görəvidir. Bunu hardan bilirik:
وَإِذَ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ
Allah, kitab verilənlərdən “Bu kitabı insanlara mütləq açıqlayacaq və onu gizlətməyəcəksiniz!” – deyə əhd/söz almışdı… (Ali imran 187)
Təbyin, hər hansı bir şeyi əlavə etmədən və əksiltmədən olduğu kimi ortaya qoymaqdır.
Təəssüf ki ənənə dini mənsubları, peyğəmbər əleyhissəlamı təkcə dini tətbiq edən və onu bu şəkildə açıqlayan bir elçi olaraq deyil, eyni zamanda dində əlavə hökm qoyan, halal-haram təyin edən biri olaraq görürlər. Bu səbəblə dinə Qurandan əlavə bir mənbə də “Sünnə” əlavə etmişlər. Bu da kifayət görülməmiş, öz din xadimlərinin bir qisminə “müctəhid” dərəcəsi verilərək, dində dördüncü səlahiyyət sahibləri olduqlarını irəli sürmüşlər. Onlar da öz növbəsində yeni halal və haramlar icad etmiş, Qurandan bəzi ayələri nəsx etmiş (yəni hökmünü qaldırmış) və nəticədə hər firqənin öz müctəhidləri olduğu üçün yeni bir çox məzhəblər/yollar ortaya qoymuşlar.
Məzhəbinə kor-koruna bağlı olanlar, öyrəndikləri bir şeyin Allahın kitabında olub-olmadığı ilə maraqlanmayan müqəllidlər, bu müctəhidlərin Allahın dinini təmsil etdiklərini və onlara bağlanmaq lazım olduğuna inanmışlar. Belələri haqda uca Allah belə buyurur:
“Əhbarlarını (alimlərini) və ruhbanlarını (din xadimlərini) Allahla öz aralarına qoyub rəbb etdilər. Məryəm oğlu Məsihi də. Halbuki, onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa ilah yoxdur. Allah, onların şərik qoşduqlarından uzaqdır.” (Tövbə, 9/31)
Yer üzündə dininə və məzhəbinə bağlı (Bütpərəsti, Yəhudisi, Xristianı, Sünnisi-Şiəsi) insanların əksəriyyəti belədir. Ama bilmirlər ki, onlar Allahın deyil, insanların dininə bağlanmışlar.
- Bəs biz dini öyrənəndə insanların düşdüyü bu vəziyyətə düşməmək üçün nə etməliyik?
Əlbəttə hər işə, hər məsləyə, biliyə yiyələnmək istəyəndə o işin əhlinə müraciət edəcəyik. Bunu Rəbbimiz Nisa 58-ci ayəsində əmr edir. Dində və hər hansı sahədə bilmədiyimizi öyrənmək üçün müəllimə ehtiyacımız var. Ancaq öyrəndiklərimizin nə qədər doğru olub-olmadığını bilmək üçün Allahın kitabına müraciət etmək və orda olub-olmadığını soruşmaq məcburiyyətindəyik. Əksi təqdirdə Yəhudi və Xristianların din xadimləri öz xalqını aldatdıqları kimi bizi də özünü Sünni ya da Şiə adlandıran din xadimləri (biri “Sünnə/peyğəmbər yolu”, digəri “əhli Beyt/peyğəmbər ailəsi” adı ilə) aldadar.
Quranda bizə lazım olan ən mühüm məsələlər, hər insanın başa düşəcəyi şəkildə yazılıb. Bunun üçün alim olmağa ehtiyac yoxdur. Hər insan dini yöndən alim ola bilməz. Bilmədiyimiz bəzi məsələlərdə əlbəttə bilənə soruşacayıq. Quranda bu haqda belə buyurulur:
“Kitabı sənə nazil edən Odur. Ayələrinin bir qismi mühkəmdir;[1] onlar kitabın ana ayələrdir. Digərləri mütəşabihdir[2] (mühkəmlərlə bənzərdir). Qəlblərində əyrilik olanlar, fitnə çıxarmaq və onu təvil/yozmaq üçün kitabın, bənzər ayələrinə tabe olurlar. Halbuki onun təvilini/yozumunu təkcə Allah bilir. Bu elmi[3] qavrayanlar belə deyərlər: “Biz bu elmə inandıq, onun hamısı Rəbbimiz qatındadır.” Bu zikrə sağlam düşüncə sahibi olanlardan[4] başqası nail ola bilməz.” (Ali İmran 3/7)
Əsrlərdir dini Allahdan deyil, din xadimlərindən öyrənənlər, Qurandakı bəzi kəlmələri, məsələn bu ayədə ifadə edilən “mütəşabih” yəni “bənzəyən” kəlməsini təhrif edib tam ona zidd “gizli, bilinməyən” deyə anlam vermişlər. Beləcə bənzər ayələr arasındakı bağı qopararaq, ayələri ayələrlə açıqlama “Quranı Quranla açıqlama” metodu tərk edilmişdir. Mən deyərdim ki; elə İslama, Qurana ən böyük təhrif bu yöndən verilmişdir.
Ayələr arasındaki bağı qurmayan ya da qura bilməyənlər, bir ayə ilə hökm çıxarmış ya da öz fikrinə, məzhəbinə uyğun düşməyən ayələri isə nəsx etmiş, hökmü qalxmışdır, demişlər. O cümlədən Allahın əmr etdiyi bu metoddan xəbərsiz məzhəb din xadimləri (nə qədər elm, bilik sahibi olsalar da), məsələləri bir bütünlük, bənzər ayələr çərçivəsində təhlil etmədikləri üçün doğru nəticələr əldə etməmiş, hikmət və yeni nailiyyətlər əldə etmələri mümkün olmamışdır. Nəticədə İslamın yayılması, gözəl nümunə olmaları tarixdə (əsri səadətdə) qalmışdır.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə tuşlayın:
https://www.muselmanlar.com/elanlar-xeberler/7333.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Mühkəm ayə, bir mövzuda hökm bildirən ayədir. O hökm, başqa ayələrdə təfərrüatlı olaraq izah edilir
[2] Mütəşabih, bənzəyən deməkdir. Bir birinə bənzəyən iki şeydən birinə mütəşabih deyilir.
[3] Bu elm, ayələri ayələrlə izah etmə elmidir (Əraf 7/52)
[4] “Sağlam düşüncə sahibi olanlar” deyə məna verdiyimiz ifadə “ulul-əlbab”dır. Bax: 2/179-un dipnotu.