Sual: Mən bir din xadimindən ata-ananın miras hüququnun nədən ibarət olduğunu soruşdum. O cavab verdi ki, ata-ana hansı uşağına mirasdan çox pay vermək istəsə, verə bilər. O biri uşaqların bunu sorğu-sual etməyə ixtiyarı yoxdur. Belə çıxır ki, ata-ana mirası uşaqlarına payladıqları vaxt istədiklərinə çox, istədiklərinə də az verə bilərlər? Ümumiyyətlə, dində bu məsələyə necə baxılır?
Cavab: Ata-ana uşaqlarının arasında ayrı-seçkilik qoya bilməz. Birinə nə verirsə, o birilərinə də eyni şeyi verməlidir. Bu barədə bir hədis var:
“Amir Əş-Şəbi belə demişdir:
“Mən Numan ibn Bəşirdən o Kufədə minbərin üstündə xütbə oxuduğu vaxt eşitdim, belə deyirdi”:
“Atam Bəşir (anamın təzyiq göstərməsi ilə) mənə bir kölə bağışlamışdı”.
Anam Rəvaha qızı Amrə (atama):
“Sən bu hibəyə (burada: bağışlanan şey, hədiyyə) Rəsulullahı şahid tutmadıqca mən buna inanmaram, razı olmaram”, – dedi.
Vəziyyəti belə görən atam peyğəmbərin yanına gedib dedi ki, mən Amrə binti Rəvahadan dünyaya gələn oğluma bir kölə bağışlamışam. Lakin ey rəsulullah, Amrə məndən tələb edir ki, bu hibədə səni şahid tutum.
Rəsulullah:
“Sən Numana verdiyin hədiyyən kimi o biri uşaqlarına da verdin?”, – deyə, soruşdu.
Mən cavab olaraq:
“Xeyr”, – dedim.
Rəsulullah:
“Allahdan qorxun, uşaqlarınıza qarşı ədalətli rəftar edin!”, – deyə, buyurdu.
Numan belə dedi:
“Atam peyğəmbərin yanından qayıdıb gəldi və mənə verdiyi hədiyyəsini məndən aldı” (Buxari, Hibə, 11).
Hədisdən də göründüyü kimi, bir ata öz uşaqlarını mirasdan məhrum edə bilməz. Onların arasında ayrı-seçkilik qoya bilməz.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.