Sual: İslam dininə əsasən meyyiti yandırmaq düzgündür?
İslam dininə əsasən meyyitlər yuyulmalı və kəfənlənib torpağa basdırılmalıdır.
“Qurani-Kərimdə bildirilir ki, bu iş insana Allah tərəfindən öyrədilib. Belə ki, qardaşının (Habilin) meyitini (cəsəd) nə edəcəyini bir qarğanın hərəkətlərindən öyrənən Qabil (Həzrəti Adəmin oğlu, Habilin qardaşı): “Vay mənim halıma! Mən bu qarğa qədər də ola bilmədim… Qardaşımın cəsədini basdırmaqda aciz qaldım!” (Maidə, 5/31), – demişdir və biz bunu Qurandan öyrənirik. Başqa ayələrdə də ölünün dəfn olunmalı olduğuna dair işarə vurulmuşdur. ((Taha, 20/55; Mürsəlat, 77/25-26; Əbəsə, 80/21-22.))
Ölünün torpağa verilməsi ətraf mühitin təmizliyi, sağlamlıq, insana olan hörmətin qorunub saxlanılması və ölümü yada salmaq baxımından bir çox hikmətləri ehtiva edir” . ((Mustafa Uzunpostalcı, “Defin”, Türkiyə Diyanet Vakfı İslam Ensiklopediyası, IX cild, s. 86.))
Bununla yanaşı, peyğəmbərimizdən (s. a. v.) insan cəsədi ilə əlaqədar olaraq (Həzrəti Aişə yolu ilə) belə bir hədis nəql olunmuşdur:
“Ölünün sümüyünü sındırmaq onu diri vaxtı sındırmaq kimidir”. ((Muvatta, Cənaiz, 15; Əbu Davud, Cənaiz, 58-60; İbn Macə, Cənaiz, 63.))
Yəni, diri vaxtı kiminsə sümüyünü sındırmaq düzgün olmadığı kimi, ölünün sümüyünü qırmaq da düzgün deyil. Meyyiti yandırmaq da bu cəhətdən qiymətləndirilməlidir.