Müsəlmanlar

Bismillahsız kəsilən heyvanın ətindən yemək olarmı?

Cavab: Bizə nəyin halal və nəyin haram olduğunu bilməyimiz üçün bu məsələ ilə əlaqədar Quranda bəhs edilən ayələri birlikdə ələ almalıyız. O zaman nəyin halal və nəyin haram olduğunu açıq-aydın görə biləcəyik.

Bəzi insanlar bu məsələdə hər hansı bir hədisi və ya tək bir ayəni ələ alıb digər ayələrlə əlaqəsini qurmadan birbaşa yeyəcəklər barədə hökm çıxarırlar.

O cümlədən, Allahın adı çəkilmədən kəsilən heyvanlar barədə də belə deyirlər: Allah, Ənam surəsi 121-ci ayədə “Fısq olduğu halda Allahın adı çəkilmədən kəsilən heyvanların ətindən yeməyin…” buyurduğu üçün, “Allahın adı çəkilmədən kəsilən heyvanların ətindən yemək olmaz” qənaətinə gəlirlər. Onların bu qənaətə gəlməklərinin əsas səbəbi ayədəki fısq ifadəsini doğru dəyərləndirməməkləridir.[1] Belə ki, heç bir alim hətta bismillahsız kəsilən heyvanın ətindən yemək olmaz deyənlər belə, bismillahsız kəsilən heyvanın fisq olduğunu deməmişlər. Demək ki, fisq burada bismillahsız kəsilən heyvan deyil, Allahdan başqası adına kəsilən heyvandır. Bunun belə olduğunu biz, həmin surənin 145-ci ayəsində görməkdəyik. Ayə belədir:

“De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsildiyi üçün fısq/murdar olandan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.” Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” (Ənam, 6/145.)

Bəsmələ çəkilmədən kəsilən heyvanın ətindən yeyilməyəcəyinə dair heç bir dəlil yoxdur. Əlbəttə bir müsəlman hər hansı bir heyvanı kəsəndə bismillah deyib kəsməsi lazımdır. Lakin bunu deməyənin kəsdiyi heyvan murdar olur və ətindən yeyilməz demək, Allahın vermədiyi bir hökmü vermək və Ona iftira etmək olur. Əgər belə bir hökm olsaydı, bütün məzhəblər (bismillahsız kəsilən heyvanın ətindən yemək olmaz deyənlər də daxil) bismillah deməyi unudaraq kəsilmiş heyvanın ətindən yemək olmaz deyərdilər. Halbuki heç bir məzhəb belə bir fətva verməmişdir.

Lakin əhli Şiə, nəinki bizmillahsız kəsilən heyvanın ətini hətta Allahın açıq-aşkar “Əhli Kitabın kəsdiyi sizə, sizin kəsdiyiniz əhli Kitaba halaldır” (Maidə 5) ayəsinin nəsx olduğunu (hökmünün ortadan qalxdığını) iddia edərək, əhli Kitabın kəsdiyini yeməyin haram olduğunu deyirlər.

Bəsmələ çəkmək təkcə Qurban bayramı qurbanı (bir ibadət məqsədilə kəsildiyi) üçün şərtdir. Bu da Həcc surəsi 34-cü ayədə qeyd edilməkdədir:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver!”

Ayrıca, heç bir ayədə və hədisdə heyvanı kəsənin müsəlman olması şərti də yoxdur.[2]

Bir qrup səhabə Rəsulullaha: “Ey Allahın elçisi! Bəziləri bizə ət gətirir. Kəsəndə Allahın adını çəkib çəkmədiklərini bilmirik. Ondan yeyəkmi yeməyəkmi?” deyə soruşdular. Dedi ki: “Siz Allahın adını çəkin və yiyin!”[3]

Nəticə etibarilə, bir heyvanın əti bismillah deyilmədiyi üçün deyil, Allahdan başqası adına kəsildiyi zaman haram olur. Bu dediklərimizi İmam Cəfər, İmam Şafii və Fəxrəddn Razi kimi alimlər öz kitablarında daha ətraflı izah etmişlər.[4] Günümüzdə bu mövzuyla və yeyəcəklərlə bağlı ən sağlam əsər olaraq Dr. Yəhyanın “Halal Qida” adındakı Dissertasiyasını əldə edə bilərsiz: http://isamveri.org/pdfdrg/D02533/2018_31/2018_31_SENOLY.pdf

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6615.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bismillahsız kəsilən heyvanın ətindən yemək olmaz deyənlər, وَإِنَّهُ لَفِسْقٌ ifadəsində “وَ” hərfini bağlayıcı kimi qəbul edirlər. Sonra da ayəyə belə bir məna verirlər: Allahın adı çəkilmədən kəsilənlərdən yeməyin! Çünki bu bir fısq/murdardır.”  Halbuki, cümlə inşa və xəbər cümləsidir. Nəhv/qramatik qaydalara görə də xəbər cümləsini inşa cümləsinə bağlamaq olmaz.

[2] Bax: Maidə, 5/5.

[3] Buxari, Zebaih, 21.

[4] Bax: İmam Şafei, “əl- Ümm”, c. 2. s. 391; Razi, “Mənakibul İmamı Şafei”, Thq: Əhməd Hicazi əs Səkka, Məktəbul Külliyyatı Əzhəriyyə, Misir, 1986, s. 536-538.