Sual: Mənim 18 yaşım var. İnternetdə çılpaq şəkillərə və açıq-saçıq filmlərə baxıram. Özümü saxlaya bilmirəm. Özümə söz verirəm ki, bir də baxmayım. Ancaq sonra dözə bilmirəm. Yenə baxıram. Mən bu günah işdən necə xilas ola bilərəm? Mənə nəyi məsləhət görərdiniz?
Cavab: Əgər siz bundan uzaqlaşmaq istəyirsinizsə, mümkün olduqca kompyüter və xüsusilə internetdən uzaq durmağa cəhd etməlisiniz. Siz internetə daxil olduqca bu zəif cəhətinizi bilən şeytan sizi həmişə narahat edib harama baxdırmağa çalışır. Buna görə də kompyüter arxasında çox vaxt keçirməməyə çalışın. Məsələn, bunun əvəzinə kitab oxuya bilərsiniz. Bu yolla həm boş vaxtlarınızı yaxşı keçirmiş olarsınız, həm də nəsə öyrənərsiniz. Harama baxmaqdan da uzaq qalarsınız.
Peyğəmbərimiz öz nəfsinə hakim ola bilməyib günaha batmaqdan çəkinən cavanlara oruc tutmağı məsləhət bilib. Çünki oruc insanda bir arxayınlıq və necə deyərlər, özünükontrol yaradır və günaha qarşı bir qalxan kimidir. Siz peyğəmbərimizin bu məsləhətinə əsasən də hərəkət edə bilərsiniz.
Əlavə olaraq ibadətlərinizi ara vermədən yerinə yetirməyə çalışın. Əgər beş vaxt namazı əməlli-başlı qılsanız, bu sizi günahdan qoruyar və yenə günah edildiyi təqdirdə o günahların bağışlanmasına səbəb olar.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.