Sual: Din dövlətdən ayrı isə dövlət, vətəndaşının inancına, yaşayışına, yasına ya da bayramına qarışa bilərmi?
Cavab: Xeyr, bu sadaladığınız dəyərlərə qarışa bilməz. Əgər qarışırsa, insanların dini azadlığına zərbə vurmuş deməkdir.[1]
Lakin, din dövlətdən ayrıdır deyib, dövlətin daxilində gedən proseslərə göz yumulacaq da deyil! Bu səbəblə dövlət, din pərdəsi altında başqa ölkələrin mənafeyi üçün çalışan və insanların mənəvi duyğularını istismar edib aldadan, onları terör fəaliyyətlərinə hazırlayan insanlara, təşkilatlara müdaxilə edə bilər. Buradakı müdaxilə əsasən vətəndaşın dininə, inancına deyil, törətdiyi fəsadlarına görədir. Buna görə də biz buna dövlətin dinə deyil, vətəndaşına münasibəti deyə bilərik. Dövlətin vətəndaşına münasibəti isə aşağıda göstərdiyimiz şəkildə olmalıdır:
Dövlətin vətəndaşı ilə münasibətləri dini və ya ideoloji müstəvidə deyil, ədalət müstəvisində tənzimlənməlidir. Dövlətin əsas vəzifəsi ədalətin bərpası, daxili və xarici təhlükəsizliyin təmin edilməsi, vətəndaşların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan səbəbləri ortadan qaldırmaqdır.
Dövlətin təzyiqi ilə iman gətirmiş görünənlər orqanizmin daxilinə qəbul etdiyi mikroba bənzəyir, güclənir-güclənməz xəstəlik törədirlər. İnanclarına təzyiq edilməyənlər isə vücuda vurulmuş peyvənd kimi ölkəni qoruma vəzifəsini öz üzərlərinə götürürlər. Məsələn; Osmanlı dövlətindəki dini azlıqların özlərini dini azlıq kimi deyil, dövlətin şərəfli bir vətəndaşı olaraq sayması buna ən gözəl tarixi bir nümunə ola bilər.
Dövlət günəş kimi olmalıdır. Günəş necə müsəlman, xristian, yəhudi, zəngin, yoxsul arasında fərq qoymadan, dini, etnik, irqi, sosial və s. ayrıcalığa yol vermədən hər kəsə eyni məsafədə durursa, dövlət də vətəndaşlarına qarşı həmişə eyni məsafədə durmalıdır.
Din və Dövlət Münasibətlər barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiz:
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Bəqərə 2/256.