Sual: Dində nəşə çəkməyə necə baxılır? Bunun hökmü nədir? Bəzi adamlar deyirlər ki, Quranda bu barədə bir şey yoxdur. Onların dediyinə görə nəşə çəkməyi qadağan edən hər hansı bir Quran ayəsi və peyğəmbər hədisi mövcud deyil. Bu düzdür?
Cavab: Allah Təala Quranda belə buyurur:
“Ey iman edənlər! Xamr, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız” (Maidə, 5/90).
Ayədəki “xamr” sözü Ərəb dilində başda spirtli içkilər olmaqla, insanın ağlını əlindən alan (yerindən oynadan), yəni, əqli və ruhi müvazinətini pozan hər növ qatı və maye içməli şeyi ifadə edir.
Peyğəmbərimiz də insana sərxoşluq verən hər şeyin haram olduğunu bildirib (Müslim, Əşribə,73; Əbu Davud, Əşribə, 5; Tirmizi, Əşribə, 1).
Nəşə çəkmək, inyeksiya yolu ilə narkotik maddə qəbul etmək (mal vurmaq, damara işləmək), qara atmaq, hallanmaq, tiryək udmaq, nas çeynəmək, ekstazi həbləri içmək və sairə kimi narkotik maddələrdən istifadə etmək dində haramdır. Çünki bunlar insanı sərxoş edir və uyuşdurur. Dində belə şeylərdən uzaq durmaq əmr olunur.
Bu cür maddələrdən istifadə etmək insanın sinir sistemini darmadağın edir, onun iradəsını və düşünmək qabiliyyətini yox edir! Həmin maddələrdən istifadə edənlər get-gedə ətraf aləmdən uzaqlaşır, hər növ pis əməl və cinayət törətmək üçün hazır vəziyyətə gəlirlər. Onlar bir növ əsl şəxsiyyətlərini itirirlər. Müasir tibb elmi, eləcə də psixologiya və ictimai elmlər nəşə, tiryək, eroin, kokain və sairə kimi uyuşdurucu və kef verici (narkotik) maddələrin insan sağlamlığı və ictimai nizam-intizam üçün spirtli içkilərdən də zərərli və təhlükəli olduğunu sübut edir.
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.